22 Dekabr 2024, Bazar

Naxçıvanda qədimdən becərilən nadir və qiymətli dərman bitkilərindən biri də zoğaldır. Kiçik ağac və ya kol bitkisi hesab olunan zoğalın becərilmə tarixi qədimdir. Deyilənə görə, Şahbuz və Culfa rayonlarının Keçili və Milax kəndlərinin sərhədində 100 il bundan əvvələ aid qədim yaşayış məntəqəsi – “Zoğala” adında bir kənd olub. Buna görə də ehtimal etmək olar ki, zoğalın muxtar respublikamızda becərilmə tarixi çox qədimlərə gedib çıxır. Bu gün daha çox Ordubad rayonunda becərilir.
Bu bitki haqqında geniş məlumat almaq üçün Ordubad rayonunun Nüsnüs kənd sakini, bağban Yunis Hüseynovla görüşdük. O bildirdi ki, zoğal bitkisinə ölkəmizin Şəki-Zaqatala, Quba-Qusar zonalarında təsadüf olunsa da, muxtar respublikamızın bir çox yaşayış məntəqələrində, xüsusilə də Nüsnüs kəndində daha çox becərilir.
Müsahibim deyir ki, muxtar respublikamızda xırdameyvəli cır və irimeyvəli hibrid, sarı, armudu, qırmızı zoğal növləri daha geniş yayılıb. Hələ yarpaq açmamış fevral-mart aylarında çiçəkləyən zoğal bununla erkən yazın gəlişindən xəbər verir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanan bitkinin meyvələri, əsasən, avqustun axırı və sentyabr ayının əvvəllərində yetişir. Meyvələri yumru, oval, silindrik formada, rəngi isə qırmızı, tünd-qırmızı, qara-qırmızı və bəzi formaları açıq-sarı rənglərdə olur. Meyvələri turş, turşaşirin və müxtəlif dərəcədə şirin dadır. Tam yetişməmiş meyvələr tərkibində aşı maddələri çox olduğuna görə ağızbüzücü xassəyə malikdir.

Ordubad şəhərində, eləcə də rayonun kəndlərində qırmızı zoğaldan daha çox istifadə edilir. Tərkibindəki vitaminlərin zənginliyinə, dadına görə bu növ digərlərindən fərqlənir. Onun yarpağı, qabığı və çəyirdəyindən bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Dərman bitkisinin meyvəsində limon, alma, kəhrəba turşuları, saxaroza, fruktoza, qlükoza, A, B, C, D, K vitaminləri və boyaqçılıqda işlənən aşı maddələri vardır.
Müsahibim vurğuladı ki, bitkini becərmək, bara salmaq vaxt və zəhmət tələb edir. Bir sıra kəndlərdə zoğalın peyvəst növlərini yetişdirirlər. Zoğalın artırılmasında ən sadə və asan üsul firqəndə (basdırma) hesab olunur. Bu üsul vasitəsilə cavan budaqlar oktyabr-noyabr aylarında yerə basdırılır, üstü torpaqla örtülür. Vaxtlı-vaxtında suvarıldıqdan sonra budaqlar inkişaf edir, kəsilir və köklü kiçik ting kimi başqa yerə köçürülür. Yarpaqları və çiçəkləri yüksək hərarətə və sərt şaxtalara dözümlü olan bu bitki 150-200 il yaşayır və bar verir.
Zoğalın təzə dərilmiş meyvələrindən xalq təbabətində geniş istifadə edilir. Belə ki, meyvədən alınan şirə şəkərli diabetdə ürək yanğısının qarşısını alır, çəyirdəkləri qovurulub toz halına salınaraq ishal, dizenteriya, babasil xəstəliklərində, qabıq və yarpağından hazırlanan dəmləmə və cövhər isə böyrək, qaraciyər xəstəliklərində təsirli dərman vasitəsi hesab olunur. Bundan başqa, zoğaldan şirə, mürəbbə, kompot, cem, püre, marmelad, kisel, sirop, jele, şərbət, spirtli içkilər, turşu, sirkə, lavaşa hazırlanır.
Zoğalın oduncağı sərt və keyfiyyətli olduğu üçün dülgərlikdə ən qiymətli material ­hesab edilir və ondan hazır­lanan əlağacı ən dözümlü ağac sayılır. Sənətkarlar onun 100 illik gövdəsindən mebel, toxuculuq alətləri (eşmə aləti, məkik, masura, mil) hazırlayırlar.
Müsahibim onu da bildirdi ki, bu il zoğal ağacları keçən ilə nisbətən daha çox bar verib. Bir ağacdan 80-100 kiloqram zoğal dərilib. Bu hal onun qiymətinə də öz təsirini göstərib. Belə ki, əvvəllər kilosu 2-3 manat arasında dəyişən zoğalın qiyməti bu il ucuzdur.
Nüsnüs kəndinin digər sakini Şərqiyyə Salehova bildirir ki, zoğalın meyvələrindən təzə və qurudulmuş halda istifadə edilir. Meyvələr yetişdikcə turşuluğu azalır, şəkərliliyi artır. Zoğaldan mürəbbə hazırlamaq üçün onun tam yetişməmiş meyvələrindən istifadə edilir.
Müsahibim deyir ki, zoğal mürəbbəsi mürəbbələrin “şahı” sayılır və soyuqdəymənin ən kəsərli əlacıdır. Qışda qrip və qızdırma xəstə­liyi olan insanlar zoğal mürəbbəsindən daha çox istifadə edirlər. Tərkibi C vitamini ilə zəngin olan bu mürəbbə mədədə, eləcə də qarında ağrı olduqda ağrı­kəsici vasitə kimi işlədilir. Zoğal cemini alma meyvəsi ilə birlikdə hazırladıqda isə daha dadlı olur. Bunun üçün 3 kiloqram zoğala 2 kiloqram alma məti əlavə edilib üzərinə 700 qram şəkər tozu qatılır. Ocaqdan götürülüb soyudulduqdan sonra qablara yığılıb sərin yerdə saxlanılır. Bu qarışıq uşaqlar üçün zəngin vitamin mənbəyi hesab edilir. Zoğalın lavaşası isə ev qadın­larının mətbəxdə ən çox istifadə etdiyi qida məhsuludur. Onu hazır­lamaq üçün tam yetkin meyvələr suda pörtülüb süzgəcdən keçirilir. Əldə edilən zoğal məti duzlanıb sinilərə yığılır və günəş altında qurudulur. Diş dibinin qanaması və vitamin çatışmazlığı olan insanlar üçün zoğal lavaşası çox faydalı hesab olunur. Çəyirdəyi çıxarılıb qurudulan zoğal meyvələri isə ilboyu istifadə edilir.
İnsan sağlamlığı üçün faydalı olan bir çox meyvə ağacları kimi, zoğal ağaclarına vaxtlı-vaxtında qulluq göstərmək, onların sayını artırmaq lazımdır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR