Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Həmkarlar İttifaqları Şurası və idman federasiyaları tərəfindən Ağbulaq İstirahət Mərkəzində növbəti “Yay məktəbi” təşkil edilib.
Məktəbin budəfəki qonaqları muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları olub. Keçirilən “Yay məktəbi” beşgünlük istirahət proqramına uyğun olaraq təşkil edilib.
Ağbulaq İstirahət Mərkəzində qonaqları təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. Tanışlıqdan sonra idmançılar nahar ediblər. Daha sonra vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. İstirahətin ilk günü şahmat və stolüstü tennis idman növləri üzrə yarışlar da keçirilib.
Növbəti günə səhər gimnastikası ilə başlayan idmançılar əyləncəli oyunlarda iştirak edib, Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olaraq “Ağbulaq” bulağına yürüş ediblər. Sonra idmançılar mərkəzin stadionunda mini-futbol qarşılaşmasında qüvvələrini sınayıblar. Günün sonunda isə vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər.
Gənc idmançılar Aprel döyüşlərindən bəhs edən “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”, eyni zamanda şəhid Qabil Orucəliyevə həsr olunmuş sənədli filmlərə baxıblar.
Proqrama uyğun olaraq Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivi gənclər qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti