Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır, bu istiqamətdə tədbirlər davam etdirilir.
Həmin tədbirlərin davamı olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində “Sağlamlıq imkanları məhdud uşaqların sosial bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda tərbiyəçilərin və uşaqların iştirakı ilə maarifləndirici praktik məşğələ keçirilib. Müəllim-defektoloqlar uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələ aparıb və bu sahədə çalışan mütəxəssislərə və valideynlərə uşaqların təlim-tərbiyəsinin təşkili və onlarla ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət və tövsiyələr veriblər.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti