Sağlam yaşamaq, orqanizmin fəaliyyətini təmin etmək hər bir insanın istəyidir. Bu sağlamlığı yaratmaq üçün, ilk növbədə, faydalı qidalar qəbul etməliyik. Bunlardan başlıcası meyvələrdir.
Hazırda mövsümə uyğun meyvə çeşidləri bolluq təşkil edir. Bəs bu meyvələrin faydalarını bilirikmi? Meyvələrin faydaları ilə bağlı araşdırmalar apardıq və çox maraqlı fikirlərə rast gəldik.
İlk olaraq meyvələrin şahı almadan başlayaq. Almanın çoxsaylı faydaları barədə məşhur insanlar da öz fikirlərini bildiriblər. Onlardan biri də Məhəmməd Hüseyn xan olub. O, XVIII əsrdə alma barəsində yazırdı ki, yetişmiş, ətirli və ləzzətli almalar daha faydalıdır. Mütəmadi olaraq bu meyvədən yemək ürək üçün, hətta taxikardiyada və çətin nəfəsalmada çox xeyirlidir. İştahasız insanlarda bu meyvə bir növ xilasedicidir. Çünki iştahanı artırır. Eyni zamanda həzm prosesini yaxşılaşdırır, qaraciyərə xeyirlidir. Əhval-ruhiyyənin artmasında, xroniki əsəb xəstəliklərində müsbət təsir göstərir və insanı gümrahlaşdırır. Alma beyin fəaliyyətini, onun iş qabiliyyətini də artırır. Almanı bişirib yeməyin də bir başqa faydası var. Belə ki, quru öskürək zamanı almanı bişirib yemək çox yaxşıdır. Onun tərkibi vitamin və minerallarla zəngindir. Tərkibində dəmir çox olduğundan qanazlığından əziyyət çəkən insanlara alma yeməyi məsləhət görürlər. O xolesterolu azaldır və revmatizmin müalicəsinə də kömək edir.
Öz ətri ilə hər kəsin sevdiyi meyvə olan armudun da faydalarından xeyli danışa bilərik. Armudun şirin növü susuzluğu yatırır və həzm prosesində əhəmiyyətlidir. Turş armud isə ödqovucudur və qızdırma zamanı xeyirlidir. Böyrəklərində problemi, yüksək təzyiqi olanlar üçün də çox faydalıdır. Rəngarəng çeşidləri olan dadlı meyvələrdən biri də üzümdür. Üzüm qaraciyəri təmizləyir, qanazlığını tənzimləyir, həzm prosesini asanlaşdırır. Eyni zamanda qara üzüm qabığı və tumları ilə yeyilərsə, hüceyrələri yeniləyir. Ancaq üzümün kalorisi yüksək meyvə olduğunu da nəzərə almaq lazımdır.
Bu mövsümdə bol olan yemişin də insan orqanizminə xeyri çoxdur. O, bədənimizi çirkli qandan təmizləyir. Orqanizmimizi zərərli maddələrdən qoruma xüsusiyyəti var. Yuxusuzluq probleminin aradan qalxmasında da çox yaxşıdır. Amerika Xərçəng Tədqiqatı Birliyi öz hesabatlarında bir sıra ciddi xəstəliklərə qarşı bu meyvədən istifadə etməyi tövsiyə edir.
Dad-tamı ilə seçilən şaftalı ürək narahatlıqlarının və xərçəngin qarşısının alınmasında mühüm rol oynayır. Bu meyvə də həzmi asanlaşdırır, böyrəklərin və öd kisəsinin fəaliyyətinə müsbət təsir göstərir. Şaftalı böyrəkdə olan daşların parçalanmasına da kömək edir.
Sağlam həyat yaşamaq istəyiriksə, meyvələrdən yararlanaq.
Telli Mustafayeva