22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Pro­qramı”nda əksini tapmış mühüm müddəalardan biri də pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidin təmin olunmasıdır. Ötən müddət ərzində Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə zəruri işlər görmüş, dövlət proqramında nəzərdə tutulmuş islahat tədbirlərini həyata keçirmişdir. Avtomatlaşdırılmış pensiya təyinatına keçidin mühüm həlqəsi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilmiş, sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların işlədiyi bütün dövrlərə görə sığorta kapitalının (2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat) verilməsi təmin olunmuşdur.
Pensiya təyinatının avtomatlaşdırılması üçün görülən tədbirlərin mühüm istiqamətlərindən biri kimi müasir infrastrukturun qurulması işləri də paralel olaraq həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda lokal şəbəkələr qurulmuş, fondun bütün şöbələrində maddi-texniki baza və kadr potensialı gücləndirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun bütün şöbələri müxtəlif növ proqram təminatı ilə təmin edilmiş və hazırda əksər işlər kompyuter sistemləri vasitəsilə həyata keçirilir. Görülən işlər nəticəsində Dövlət Sosial Müdafiə Fondunun serverində elektron məlumat bazası yaradılmışdır.

Pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən əsas tədbirlərdən biri də sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılmasıdır. Artıq bu iş də tam yekunlaşmış və “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi elektron xidmət vasitəsilə əhalinin istifadəsinə verilmişdir. Bu xidmət vətəndaşların gələcək pensiya təminatında şəffaflığın təmin edilməsində olduqca əhəmiyyətlidir və avtomatlaşdırılmış pensiya təminatına keçidin əsas elementidir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən fərdi şəxsi hesab açıl­mış bütün vətəndaşların hamısı bu xidmətdən yararlanmaq imkanına malikdir. 
Qabaqcıl texnologiyaların sığortaolunanların və əmək pensiyaçılarının gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında da ardıcıl və məqsədyönlü işlər görülməkdədir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması da vətəndaşların fonda elektron müraciət etmələrinə geniş imkanlar açmışdır.
Elektron xidmət vasitəsilə sığortaolunanların fərdi şəxsi hesablarına toplanan pensiya kapitalları barədə məlumat əldə edə bilməsinin təmin edilməsi də bu istiqamətdəki uğurlu addımlardan biridir. Beləliklə, artıq istənilən sığortaolunan Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edəcək. Bu, sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına keçmək kimi qarşıya qoyulan vəzifəni yerinə yetirməyə imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən vətəndaş sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır.
Görülən bütün bu tədbirlər, yaradılan maddi-texniki baza yaxın vaxtlarda avtomatlaşdırılmış pensiya təyinatına keçidin tətbiq olunmasına imkan verir. Pensiyaların avtomatlaşdırılmış təyinatına keçidin tezliklə başa çatması üçün vətəndaşların 2006-cı ilə qədər əmək stajları barədə məlumatların Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etmələri olduqca zəruridir.
Hazırda fondun orqanları sığortaedənlərlə çalışan sığortaolunanların və fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin 2006-cı ilədək əmək stajları barədə məlumatın əldə edilməsi işlərini əsasən tamamlamışdır. Bununla yanaşı, vətəndaşların özlərinin də bilavasitə bu prosesdə aktiv iştirakı vacibdir. Müəyyən səbəb üzündən əmək stajları barədə məlumatı təqdim etməmiş işləyən şəxslər əmək kitabçalarını işlədikləri sığortaedənlər (idarə, müəssisə və təşkilat) vasitəsilə onların uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanına (şəhər və rayon şöbələrinə), hazırda işləməyən şəxslər isə yaşayış yeri üzrə fondun yerli şöbələrinə təqdim etməlidirlər.
2006-2012-ci illər üzrə sığorta­edənlər və sığortaolunanlar tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumatlar və 2006-cı ilədək mövcud olan əmək stajlarına qanunvericiliyə uyğun hesablanmış pensiya kapitalları barədə məlumatların fondda hər bir sığortaolunan üçün açılmış fərdi şəxsi hesablara işlənilməsi işləri artıq başa çatdırılmışdır. Beləliklə də, əmək stajı barədə məlumatı aidiyyəti orqana təqdim edən vətəndaşların avtomatlaşdırılmış pensiya təyinatı sistemindən istifadə etmələri üçün əlverişli şərait yaradılmışdır.

Naxçvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bir daha vətəndaşlardan özlərinin 2006-cı ilədək əmək stajları barədə məlumatları fondun orqanlarına təqdim etmələrini xahiş edir. Bu prosesdə aktiv iştirak etməyiniz sizin rahatlığınızı təmin edəcək və gələcəkdə sizin hər birinizə evinizdən kənara çıxmadan, şəffaf şəkildə və pensiya hüququnuzu tam nəzərə alan əmək pensiyası təyin olunmasına imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR