22 Dekabr 2024, Bazar

Elə ki təbiət silkələnib qış mürgüsündən birdəfəlik ayıldı, dağlarımıza, düzlərimizə yaşıl rəng qədəmlərini qoymağa başlayır. Bütün qışı tövlələrdə saxlanılan qoyun-quzu da təbiətin oyanışını hiss edir sanki. Şahbuz ­rayonunun Gömür kənd sakini, 50 ildən artıq çobanlıqla məşğul olan Fərman Qurbanov deyir ki, qoyun-quzunun çöl vaxtı gəlib çatdımı, onlar bunu “hiss edirlər”, onların tövlədə mələşmə səsləri kəsilmir. Bu vaxt ot tam gəlməsə də, dünyagörmüşlərimiz deyərdilər ki, qoyun-quzunun ruzisi qışda qarın altında qalır, yaz açılanda onlar həmin otları axtarıb, tapıb qidalanırlar.

Artıq martdan bəri neçə aydır ki, Dədə Qorqud yurdu olan, dumanı belinə kəmər, zirvəsi göylə birləşən dağlarımıza mirvari dənələri kimi səpələnən qoyun-quzular təbiət incisi olan bu yerlərin gözəl görüntüsünü bir qədər də artırıb. Yaylaqların, yamacların xoş ətri ətrafa yayılan bol otundan-avarından yeyib bulaqların, çeşmələrin saf suyundan içən, təmiz havasında bəslənən bu heyvanların əti, südü, qatığı, qaymağı, bulaması, dələməsi, şoru, pendiri, təbii ki, damaqların dadına çevrilir. Saçaq-saçaq yunundan yorğan-döşək, köynək, əlcək, corab hazırlanır, evlərimizin bəzəyi olan xalı, gəbə, kilim, cecim, palaz, heybə, xurcun toxunur, dərisindən musiqi alətləri və başqa əşyalar, geyim vasitələri istehsal edilir. Qoyunu ev heyvanları arasında ən faydalısı, həyətlərimizə yaraşıq, ruzi-bərəkət mənbəyimiz hesab edən elimizin-obamızın dünyagörmüşləri tərəfindən zaman-zaman bu misralar yaranıb:

 

Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər,
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.

Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yaşayan İslam baba deyirdi: – Qoyun-quzu, keçi evin bərəkəti, həyət-bacanın yaraşığıdır. Allah heç bir evə bunların yoxluğunu qismət eləməsin. Qoyunsuz evlərə kənddə hamı kasıb, ruzisiz ev kimi baxır. Kənd camaatı o evlərdə yaşayanları tənbəl, işbilməz adam hesab edər ki, sən nə qədər bacarıqsızsan ki, əlinə beş-on qoyun-quzu sala bilmirsən. Bilirsən, qızım, qoyun belədir ki, evində heç nə olmasa da, gündəlik ağartın var. Çörəyini doğra, ye. Elə ikinci cahan müharibəsinin qıtlıq illərində camaatı aclıqdan qurtaran vasitələrdən biri də bu heyvanlar oldu. Onların südü uşağın da, böyüyün də ruzisinə çevrildi.
Belə ruzi, bərəkət mənbəyi olan heyvanların saxlanmasında, cins tərkibinin yaxşılaşdırılmasında daim sürü yanında olan çoban əməyinin əvəzi yoxdur. Çobanlıq qədim peşədir. Hər bir peşə kimi, çobanlığın da özünəməxsus sirli-soraqlı dünyası vardır. Elin varını, bərəkətini artıran bu peşənin mahir ustaları min illərdir, dədə-babadan qalma bu sənəti yaşadır.
Budur, elimizdə “qara yaz” deyilən vaxtdan – mart ayından bəri çobanlar elin sərvəti olan qoyun-quzu sürülərini dağlarımızın, yaylaqlarımızın güllü-çiçəkli, yaşıl otlaqlarına sürüb, hər axşam onları bol südlə geri qaytarırlar. Şahbuz rayonunun kəndlərindəki “Üçqardaş”, “Camal qalası”, “Papaqlı dağ”, “Gəlin qayası”, “Salvartı”, “Portdan”, “Leyli yurdu”, “Cici yurdu”, “Dovşan yatağı”, “Çatdodaq”, “Məşədi Kərim yurdu”, “Koladəy”, “Səhlalı”, “Dərə yurdu”, “Yamaş yurd”, “Yəhər yurdu”, “Güney yurd” adlanan yerlər, eləcə də Batabat yaylağı ab-havasına, buz bulaqlarına, gen-bol örüşlərinə görə ən gözəl yaylaqlar məskənidir. Rayon sakinləri ilə yanaşı, hər il Şərurdan, Babəkdən, Kəngərlidən gəlib yazın sonlarından ta payızın ortalarınadək obalarını qurub qoyun-quzu sürülərini bu yerlərdə bəsləyənlər var. Obaların sürüləri ilə kəndlərin sürüləri bir-birinə qarışıb biri anasını, digəri balasını axtaran qoyun-quzunun mələşməsi dağlarda, dərələrdə əks-səda verəndə çoban heybəsindən tütəyini çıxarar. “Qoyun­həngi” deyilən havanı çalar, bu zaman sapı qırılıb ətrafa dağılan mirvarilər kimi yamaclara, dərələrə səpələnən qoyun-quzu öz çobanının “avazını” seçərək qarışdığı sürüdən elə ayrılıb səs gələn tərəfə üz tutar ki, kənardan baxıb, bu möcüzəyə məəttəl qalarsan. Belə anda düşünürsən ki, həqiqətən, çobanlıq peşəsinin özünəməxsus qaydaları vardır. Burada Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərində Zəhrabəyimin kefini açmaq üçün çoban Zamanla bağlı Qənbərin söhbətini də xatırlatmaq yerinə düşər: “Xanım­can, and olsun Allaha, bir dәfә mәn özüm tәәccüb qaldım. Günorta zamanı idi. Qoyunları çobanlar aparırdılar “Qızlar bulağı”na. Biz dә yoldaşlarımıznan oturmuşduq Kәklik tәpәsinin yamacında, qoyunlara baxırdıq. Bax bu qırışmal Zaman da oturmuşdu yanımızda, tütәk çalırdı. Bizim qoyunlar da, Zamangilin qoyunları da bulağa sarı getmәkdә idi. Birdәn Zaman bizә qayıtdı ki, “nә verәrsiniz, elә çalım ki, qoyunlar getdiklәri yerdә dayanıb, geri qayıtsınlar?” Söz yox, heç kәs inanmadı. Xülasә, nә başınızı ağrıdım, Zaman başladı çalmağa. And olsun sizin әziz canınıza, qoyunlar tütәyin sәsini eşidәn kimi, elә bil ki, bir şeydәn ürkdülәr. Elәcә getdiklәri yerdә dayandılar, qulaqlarını qırpıtdılar. Elә bil bir şeydәn qorxan kimi geri döndülәr vә quyruqlarını ata-ata, ­mәlәşә-mәlәşә başladılar tәpәyә tәrәf geri qaçmağa.
Qənbər bunları söyləyib Zamana: “Ədә, çal”, – deyir. Zaman başlayır tütəkdə “Çoban-bayatı”nı çalmağa, özü isə oxuyur:

Biz çobanıq, dağdı, daşdı yerimiz,
Yoldaşımız qoyun-quzu sürümüz,
Dәrs almayıb, haqdı ki heç birimiz,
Amma zövqü sәfalıdı çobanlar,
Qardaşlıqda vәfalıdı çobanlar.

Ömrünün 20 ilini bu peşəyə bağlayan Şahbuz rayonunun Yuxarı Qışlaq kənd sakini, çoban Vəzir Məmmədov bu barədə deyir: – Tütək çobanın köməkçisidir. Çölün düzündə hara gəldi baş alıb gedən qoyunla nə etmək olar? Bu anda tütək havası haraya çatır, ən uzaqlara gedib çıxan qoyunlar bu havanı eşidən kimi ağızlarını otdan çəkib çobanın ətrafına yığışırlar. Tütək havasına sürünü qurddan, oğrudan etibarla qoruyan çobanın digər köməkçiləri itlər də dinşək kəsilər. Bu itlər daim sürünün yanında olar, arabir çobanın ayaqlarına dolaşaraq öz sədaqətlərini göstərməklə sürünü qorumağa hər an hazır olduqlarını bildirərlər.
Babək rayonunun Qahab kəndində yaşayan, ömrünü bu peşəyə bağlayan Xaliq Bağırov isə çobanlıq peşəsi haqqında bunları deyir: – Təcrübəli çobanlar obaşdan ta günorta vaxtınadək sürünü otararkən ona su verməzlər. Qoyunun duyuq düşmədiyi yerdə topa-topa döyülü duz komaları qoyarlar. Heyvan duza çatıb, “duzunu alar”. Su isinməmiş sərin sudan doyunca içərlər. Odur ki, otdan doymazlar. Yedikcə kökələr, gümrah olarlar. Peşəsinə ürəkdən bağlı olan çobanlar qoyun-quzunun, keçinin “dilini” bilməkdə də böyük təcrübəyə malikdirlər. Elə çobanlar vardır ki, sürüyə baxan kimi hansı heyvanın qüsuru, xəstəliyi olduğunu müəyyən edə bilirlər.
Xaliq deyir ki, ata-babadan qoyun-keçinin rənginə, əlamətinə baxıb onları “qaşqa”, “qumral”, “diziqara”, “gözüqara”, “ağqarabaş”, “narınc” deyə çağırarlar. Onlar qoyunun tez nəfəsə gəldiyini də deyərdilər. Ona görə də məsləhət bilərdilər ki, qoyunları gözdəniraq yerdə saxlayın. Həyətə gəlib-gedən onları görməsin.
Ulu “Dədə Qorqud” dastanımız təxəyyülümüzdə əsl çoban obrazını yaradan mənbədir. Dastandan güclü, qüvvətli, cəsarətli, Oğuz elinə düşmənlər hücum edən zaman yurdunun müdafiəsinə qalxan, düşmənin hərbə­-zorbasından qorxmayan, onların təklif etdiyi var-dövlətdən imtina edən Qaraca çoban obrazı ilə tanış oluruq. Hər atanda on iki batman daş atan, atdığı daş yerə düşməyən, düşdüyü yerdə üç ilədək ot bitməyən, sapandının qorxusundan sürüsünə qurd-quş yaxın düşə bilməyən bir çoban obrazıdır Qaraca çoban. Bu gün də yurdumuzun hər qarış torpağını göz bəbəyi kimi qorumağa qadir, elin malını sədaqətlə mühafizə edən onlarla “Qaraca çoban”ı var. Qoyunun ağ, saçaq yunundan toxunan corabı ayağına, köynəyi əyninə geyinən, keçi qəzilindən hazırlanan keçədən xüsusi paltarla və papaqla özünü ­yazın-payızın sazağından qoruyan, süd doğramasından, kərədən, xamadan, bulamadan yeyib gözünə nur, dizinə qüvvət gətirən, payızın sonlarında erkək qoyunlarının ən gəlimlisindən qovurma bişirtdirib qışboyu yeyərək güc-qüvvə toplayan çobanlar elin malını, sərvətini bunların hesabına qoruya bilirlər. Özlərinə yaxşı baxırlar ki, elin malına da baxa bilsinlər.
Bütün bunların sayəsində dövlətimizin istehsalla məşğul olan insanlara qayğısının göstəricisi olan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına, bazarlarımıza onlarla çeşiddə heyvandarlıq məhsulları çıxarılır. Kəndlərimizdə hər evdə qışa vedrələrlə yağ, qovurma, pendir tədarük edilir. Yaylaqlarımızdakı obalardan köç vaxtı maşınlara bidonlarla yağ, xama, pendir yığılır.
Yazdan payıza dağlarımıza-düzlərimizə qoyun-quzu sürülərinin qatdığı gözəl mənzərələri seyr edənlərin də sayı-hesabı olmur. Hələ, üstəlik, bircə dəfə çobanın tütəkdə səsləndirdiyi “Qoyunhəngi” havasını, “Çoban-­bayatı”nı dinləyib, qoyun-quzunun dağların zirvəsindən yamaca – çobana tərəf qaçışını izləyə-izləyə bu həzin musiqinin sehrinə düşüb ötüb keçən günləri göz önünə gətirənlərsə, hər dəfə bu yerlərdə olarkən yenidən həmin istəkdə olurlar: çoban, bir tütək çal, mələşən quzular yamaca ensin...

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR