22 Dekabr 2024, Bazar

Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması, bu sahədə idarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin edilməsinə nəzarəti gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən muxtar respublika ərazisində, o cümlədən Naxçıvan şəhərində, rayon ərazilərində 2-30 avqust tarixlərdə ekoloji monitorinqlər keçirilib. Həmin monitorinq­lərdə istifadə olunan içməli suların ekoloji təmizliyi, kanalizasiya sistemlərinin fəaliyyəti, tullantıların toplanması və zərərsizləşdirilməsi qaydalarına əməl edilməsi, yaşıllıqlara aqrotexniki qulluğun vəziyyəti, yay otlaq sahələrində ekoloji durum, arıçılıq və digər təsərrüfat sahələrində ekoloji nəzarət işləri aparılıb. Eyni zamanda yaşayış məntəqələrində məişət tullantılarının toplanması üçün yerləşdirilmiş təmizlik qutularına baxış keçirilib. Bu zaman mövcud çatışmazlıqlar müəyyən edilib və aradan qaldırılması üçün aidiyyəti idarə və müəssisələrə müddətli tövsiyə-xəbərdarlıqlar edilib.

Aparılan monitorinqlər zamanı müəyyən edilmiş yerlərdə, o cümlədən Naxçıvançay, Əlincəçay, sutəmizləyici qurğular və digər içməli su və təsərrüfat sularından su nümunələri götürü­lərək analiz-təhlillər aparılıb. Monitorinq zamanı içməli su mənbələrində və onların ətraf ərazilərində sanitar təmizlik qaydalarına riayət edilməsi, içməli suların ekoloji təmizliyi, minerallığı, kimyəvi və fiziki xüsusiyyətləri öyrənilib. Su anbarına daxil olan və anbardan çıxan sulardan nümunələr götürülüb, analiz-təhlillər aparılıb.
Qeyd edək ki, muxtar respublika ərazisində mövcud təbii şirin su potensialına, bu sahədə həyata keçirilən dövlət tədbirləri nəticəsində içməli su təminatına görə, o cümlədən adam­başına düşən şirin su ehtiyatı və ekoloji təmizliyinə görə Naxçıvan ən əlverişli yerlərdən biri kimi tanınır.
Aparılan ekoloji monitorinqlərin nəticəsində müəyyən olunub ki, əhalinin istifadə etdiyi içməli sular ekoloji, sanitar normalara cavab verir, istifadə üçün tam yararlıdır.
Suların, su nohurlarının, çayların, istirahət mərkəzlərində, təbiət ərazilərində olan bulaqlarımızın ekoloji təmizliyi hər birimizin təbiətə olan münasibətindən də asılıdır. Sularımızın, təbiətimizin çirkləndirilməməsi qayğısına qalmaq hər bir muxtar respublika sakininin vətəndaşlıq borcuna çevrilməlidir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR