Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlar üçün “Qoğalın sərgüzəşti” tamaşası göstərilib.
Məşhur rus xalq nağılı olan “Qoğalın sərgüzəşti” haqqında çoxsaylı filmlər, cizgi filmləri çəkilib, tamaşalar hazırlanıb. Tamaşada hadisələr lovğa və təkəbbürlü Qoğalın başına gələn sərgüzəştlər üzərində qurulub.
“Qoğalın sərgüzəşti” tamaşasında da bütün nağıl-tamaşalarda olduğu kimi, xeyrin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Bundan başqa, lovğalıq, özündənrazılıq kimi hisslər tənqid edilir. Nağıldan fərqli olaraq tamaşa nikbin sonluqla başa çatır. İvan Qoğalı Tülkünün kələyindən xilas edir.
Bu maraqlı tamaşada Dovşan, Tülkü, Şir, Canavar, Kirpi, İvan, Marusya, Ayı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlqar Babayev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova, İbad Nəbiyev və başqaları xarakterik və təbii canlandırırlar.
Tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, bəstəkarı Əli Məmmədovdur.
“Qoğalın sərgüzəşti” tamaşası uşaqlara xoş əhval-ruhiyyə bəxş edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulub, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili nəzərdə tutulub. Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması üçün bir sıra işlər görülür. Muxtar respublikamızda bu qəbildən olan uşaqların tarix-memarlıq abidələri və muzeylərlə tanışlığı, onlara tətil günlərində kino, konsert və teatr tamaşalarının göstərilməsi də diqqət mərkəzindədir.
Əli RZAYEV