Aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin olunması üçün növbəti tədbir Sədərək rayonunda keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Vüsal Süleymanlı diyarımızda aztəminatlı ailələrə göstərilən dövlət qayğısı istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Bildirilib ki, ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması məqsədilə görülən tədbirlərin davamı olaraq uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməklik göstərilməsi nəzərdə tutulub. Verilən tapşırığın icrası ilə əlaqədar müraciət edənlər içərisində Sədərək rayonunda 3 aztəminatlı ailə müəyyənləşdirilib.Sədərək kənd sakinləri Əpruz Elyasovaya, Zülfiyyə Kazımovaya və Heydərabad qəsəbə sakini Yeganə Bayramovaya yanında balası olan iribuynuzlu mal-qara verilib.
Sonra aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.
Xəbərlər şöbəsi