İnsanı gün ərzindəki yorğunluqlardan uzaqlaşdıran, ona yüksək bədii zövq aşılayan ən yaxşı vasitələrdən biri musiqiyə qulaq asmaqdır. Musiqi insanın ruhudur, onu başqa aləmlərə alıb aparır. Belə ki, gözəl bir mahnı dinlədiyimiz zaman əhvalımız yüksəlir, bayağı olanlara qulaq asdığımız zaman isə bu hissi yaşaya bilmirik. Ancaq, təəssüflər olsun ki, günümüzdə bunu arzuolunmaz vərdiş şəklinə salan gənclərimiz çox saydadır. Onlar bir çox mənfi vərdişlərə yiyələniblər. Bunlardan biri də qulaqcıqlar ilə musiqiyə qulaq asmaqdır. Qulaqcıqlar artıq dəbli aksesuara çevrilib. Gənclər arasında yayılan bu vərdiş, əslində, zərərlidir və fəsadları da çoxdur.
Bu fəsadları ətraflı öyrənmək məqsədilə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına üz tutduq. Orada lor həkimi Vəli Qəhrəmanovla həmsöhbət olduq. O bildirdi ki, son zamanlar bəzi cavanlar arasında eşitmənin pozulması hallarının artmasını müşahidə edirik. Bəzi gənclər ən çox qulaq kanalına daxil olan qulaqcıqlardan istifadə edirlər. Çünki bunlar qulaqda rahat şəkildə oturur. Bununla bağlı maraqlı bir hadisəni danışmaq istəyirəm. Bu yaxınlarda bir nəfər eşitməsində problem olması ilə bağlı mənə müraciət etmişdi. Onu müayinə etdikdən sonra bəlli oldu ki, qulaqcığın rezin hissəsi uzun zaman onun qulağında qalıb. Artıq karlığa səbəb olacaqdı ki, həmin insanı əməliyyatla bundan xilas etdik. Sözügedən qulaqcıqlarla musiqiyə qulaq asan gənclərimiz, təəssüflər olsun ki, hər gün artmaqdadır. Həmin gənclər onun yaratdığı fəsadlar barədə düşünmür, istədikləri qədər bu zərərli cismi qulaqlarında saxlayırlar. Bu cür insanlarda eşitmənin pozulması halı baş verərək inkişaf edir. Onlar 30-40 yaşlarına gəldikləri zaman isə artıq eşitmənin ciddi zəifləməsi və hətta karlığa doğru getməsi prosesi baş verir.
Həkimin sözlərinə görə, qulaqcıqlarla uzun müddət ərzində musiqiyə qulaq asmaq sinir sisteminə də mənfi təsir göstərir. Belə ki, insanda gərginliyə, diqqətin pozulmasına, başağrılarına, təzyiqin yüksəlməsinə səbəb olur. Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri çox böyükdür. Mütəmadi və yüksək səslə musiqi dinləmək qulaqda qalıcı cingildəmə və uğultu yaradır. Ümumiyyətlə, qulaq çox həssas bir orqan olduğu üçün daim diqqətlə yanaşmağımız tələb edilir. Qulaqlarımız uca səslərin təsirinə yalnız qısamüddətli tab gətirə bilir.
Vəli Qəhrəmanov deyir ki, əgər insan belə səslərin uzun müddət təsirində qalsa, bu, mütləq eşitmənin pozulmasına gətirib çıxaracaq. Təkcə yüksək səs deyil, həmçinin qulaqcıqların digər təhlükəsi ondan ibarətdir ki, yad cisim daim qulaqların daxilində olduqda, qulaq iltihabları yarada bilir. Əgər başqasının qulaqcığından istifadə etsək, bu, daha da təhlükəli olar. Çünki hər bir insanın dərisində minlərlə mikrob yaşayır. “Sahibinə” ziyan vurmayan mikroblar digər insanda iltihaba və müxtəlif problemlərə yol aça bilər. Bu səbəbdən də başqalarına məxsus qulaqcıqlardan istifadə etmək qəbulolunmazdır. Qulaqcıqlardan istifadə nəticəsində bu gün gənclərin bir çoxunun eşitmə orqanında problem var. Səs yüksəkliyinə bağlı olaraq inkişaf edən akustik fəsad daxili qulaqda “ilbiz” adı verilən hissədəki eşitmə hüceyrələrində (saxlayıcı, kirpikli və sütunvarı) və ya sinirlərində meydana gəlir. Təkcə qulağımıza yox, eyni zamanda qulaqcıqdan davamlı istifadə insanın əsəblərinə mənfi təsir edir, hətta kəskin emosional stress yaradaraq, psixi travmalara səbəb olur. Bu isə öz növbəsində, vestibülyar aparatın funksiyasının pozulmasına gətirib çıxarır. Nəticədə, ürəkbulanma, qusma halları baş verir. Əgər bu hal tez-tez baş verərsə, xəstədə tam karlığa yol açır.
Son vaxtlar yolda, ictimai nəqliyyatda qulaqcıqla musiqi dinləyən gənclərlə çox rastlaşırıq. Bu gənclər əksər hallarda yanında baş verən proseslərin belə, fərqinə varmırlar. Onlar yalnız öz aləmlərində və virtual dünyalarında olurlar. Yol gedən zaman yüksək səslə qulaqcıqlardan istifadə edərək, yanlarından ötüb keçən nəqliyyat vasitələrinin səsini belə eşitmir və bu da bədbəxt hadisə ilə nəticələnir.
“Təbii ki, qulaqcıqdan lazım gəldiyi zaman qısamüddətli istifadə etmək olar”, – deyən Vəli Qəhrəmanov onu da diqqətimizə çatdırdı ki, həkimlər insanların sağlamlığının qayğısına qalırlar. Ancaq insan özü də gərək özünün həkimi ola, sağlamlığına ciddi yanaşa. İnsanlar bu gün böyük zövq alaraq istifadə etdikləri qulaqcığı 40 yaşında eşitmə aparatı ilə dəyişmək istəmirsə, bu kimi qaydalara əməl etməlidir.
Telli MUSTAFAYEVA