Əhalinin məşğulluğunun təmin olunması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi hesabına əlavə iş yerlərinin yaradılması məqsədilə muxtar respublikamızda mühüm tədbirlər reallaşdırılır. Belə tədbirlərdən biri də muxtar respublikanın ayrı-ayrı bölgələrində əmək yarmarkalarının təşkil edilməsidir. Növbəti əmək yarmarkası Sədərək rayonunda keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov demişdir ki, işaxtaran vətəndaşların işlə təmin olunmasında əmək yarmarkalarının rolu böyükdür. Buna görə də rayonda belə tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Direktor növbəti əmək yarmarkasına çıxarılan boş iş yerləri barədə məlumat verərək bildirmişdir ki, bu gün 10 təşkilatda olan 100 boş iş yeri işaxtaranlara təklif olunur.
Məşğulluq tədbirində Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov çıxış edərək əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, rayonda kənd və xidmət mərkəzlərinin, məktəb və uşaq bağçaları binalarının tikilməsi, içməli su və kanalizasiya xətlərinin çəkilişi, digər quruculuq tədbirlərinin həyata keçirilməsi yeni iş yerlərinin yaranmasına geniş imkanlar açır. Bundan başqa, idarə və müəssisələrdə müxtəlif ixtisas və peşələr üzrə boş iş yerləri də qeyri-məşğul əhalinin işlə təmin olunmasında əsas amildir.
İşaxtaran vətəndaş Nihad Nəcəfov əmək yarmarkasının təşkilinə görə minnətdarlığını bildirərək qeyd etmişdir ki, xüsusilə gənclərin bacarıq və qabiliyyətlərinə uyğun münasib işlə təmin olunması əhali arasında rəğbətlə qarşılanan hadisələrdəndir.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olmuşlar. Yarmarkada 12 nəfərə göndəriş verilmişdir.
Cəfər ƏLİYEV