Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi, aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əlillərin Bərpa Mərkəzində tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd edib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir göstərib.
Bildirilib ki, Şərur, Babək və Sədərək rayonları üzrə, ümumilikdə, 8 aztəminatlı ailə müəyyənləşdirilib. Həmin ailələrin hər birinə yanında balası olan iribuynuzlu mal-qara verilib.
Daha sonra Şərur rayon Şahbulaq kənd sakini Göyçək Baxşəliyeva göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Tədbirin sonunda aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.
Güntac ŞAHMƏMMƏDLİ