22 Dekabr 2024, Bazar

Naxçıvan möcüzələr diyarıdır. Hər daşı, toprağı özündə sirlər gizlədən bu ulu yurdun qədim tarixi-mədəni abidələri, muzeyləri, gəzməli-görməli yerləri bu gözəl diyara qədəm qoyan hər kəsi təəccübləndirir. Belə yerlərimizdən biri də möcüzəli görünüşü ilə diqqəti cəlb edən, insanların dini inanclarının qorunub saxlanıldığı “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir. Naxçıvan şəhərindən, təxminən, 12-13 kilometr aralı, Culfa rayonu ərazisində yerləşən, Haçadağla Nəhəcir dağı arasındakı təbii mağarada qərar tutan Əshabi-Kəhfi hər gün yüzlərlə insan ziyarət edir. 

Paklığın, müqəddəsliyin rəmzi sayılan ziyarətgah min illərdir ki, bəşər övladını öz ətrafına toplayır. Bu müqəddəs ocaq ümummilli lider Heydər Əliyevin 1998-ci ildə ­Əshabi-Kəhfin abadlaşdırılması və bərpa edilməsi barədə göstərişindən sonra yenidən qurulub, burada ­məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıb.
Bu yaxınlarda Əshabi-Kəhf ziyarətgahında oldum. Uşaqlıqdan yolumun tez-tez düşdüyü məkan hər dəfə özünün yeni xüsusiyyətləri ilə diqqətimi cəlb edir. Yaxşı xatırlayıram, əvvəllər Əshabi-Kəhfə qədər uzanan yol daşlı, toz-torpaqlı idi. Yağış yağanda isə vəziyyət daha da acınacaqlı olurdu. Son illərdə muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq işlərinin mühüm bir qolunu təşkil edən yol tikintisindən bu müqəddəs ziyarətgaha gedən yola da pay düşüb. Yolboyu yaradılan yaşıllıqlar isə insanın zövqünü oxşayır.

Ziyarətgaha çatmamış qaynar bulaq adlı məkana baş çəkirik. Bu bulaq Əshabi-Kəhf ziyarətgahının möcüzəvi aləminin başqa bir göstəricisidir. Bulağın üzünə dəmir üzlük çəkilib, ətrafında oturacaqlar quraşdırılıb, suyun axınını təmin edən kiçik hovuzlar tikilib. Bu, Naxçıvanın mineral bulaqlar muzeyinin nümunələrindən biridir. Ziyarətgahdan, təxminən, iki kilometr aşağıda yerləşən qaynar bulağın suyundan müalicə məqsədilə də istifadə edilir.
Tarixi eramızdan əvvəl III-I min­illiklərə söykənən ziyarətgahda insan sanki başqa bir aləmə düşür. Min illərin sirrini, möcüzələrini özündə saxlayan bu qocaman dağ qeyri-adi və nəhəng mağaraları ilə sanki insanı öz ağuşuna alır. Bura dünyanın dörd bir yanından turistlər gəlir, bunun da səbəbi ziyarətgahın qədimliyi ilə yanaşı, həm də adının müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilməsidir.
Ziyarətgahdakı məscidin qarşısındakı “qara daş” isə hamının diqqətini cəlb edir. Daşın nə zamandan burada mövcud olması barədə dəqiq məlumat yoxdur. Bura ayaq basan hər bir ziyarətçi həmin daşa toxunur, onun ətrafında dövr edir, niyyət tutur. Beləliklə də, onlar tutduqları niyyətlərin qəbul olunacağına inanırlar.
Məscidin yuxarı tərəfində yerləşən “Damcıxana” açıq salonu xatırladır. Pillələrlə bu yerə qalxdığımız zaman uzaqdan görünən qeyri-adilik insanı bir anlıq dayanıb mənzərəni tamaşa etməyə vadar edir. İlin yağışlı və ya quraq keçməsindən asılı olmayaraq, həmin yerdə həmişə tavandan su damır. İnsanlar daşların üzərində dayanaraq, ya da əyləşərək ürəklərində niyyət tutub gözləyirlər. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağına inam yaradır. Damcı düşməsə, deməli, tutulan niyyət qəbul olunmur.
Ziyarətgahda ən uca yer əvvəllər çıxmaq üçün təhlükəli hesab edilən “Cənnət bağı”dır. Bu gün yaradılan şərait nəticəsində ziyarətçilər dəmir pilləkənlərlə bura rahat qalxa bilirlər. Hər tərəfdən yüksək qayalarla əhatə olunan bu bağ duaların qəbul olunduğu yer sayılır.
Buranı ziyarət etdiyimiz zaman bir çox insanlarla da həmsöhbət olduq. Onların bu müqəddəs məkan haqqında təəssüratlarını öyrəndik. Ziyarətçilər içərisində buraya ilk dəfə gələnlərdən Rusiya vətəndaşı Ruslan İvanov muxtar respublikanın bir sıra tarixi məkanlarını gəzdiyini, getdiyi hər yerin onda xüsusi təəssürat yaratdığını dedi. Burada tarixilik saxlanılmaqla böyük quruculuq işlərinin görüldüyünü vurğulayan rusiyalı turist muxtar respublikanın çox böyük turizm potensialına, hər bir insanın diqqətini cəlb edəcək təbiətə malik olduğunu qeyd etdi: “Naxçıvana gəlib çoxdan haqqında eşitdiyim Əshabi-Kəhfi ziyarət ­etməmək olmazdı. Bu ziyarətgah məndə Naxçıvanın sirli-sehrli, möcüzəvi bir yer olduğu hissini yaratdı. Dünyadakı müxtəlif dinlərə mənsub olan insanlar bura ziyarətə gələ bilərlər. Bu məkanın çox gözəl müsbət aurası var. Qısa vaxtda burada insanların yerinə yetirdikləri ayinləri öyrəndim. “Cənnət bağı”na qalxıb daşları üst-üstə qoydum, mağaradakı divara niyyət tutub daş yapışdırdım, “Damcıxana”da isə üzərimə su damcısı düşdü. Bura gəlib damcının üzərinə düşməsini gözləyən çox insanı gördükdə möcüzəvi bir məkana gəldiyimi, buranın sirli-sehirli olduğunu bir daha dərk etdim. Ümid edirəm, növbəti dəfə Naxçıvana dostlarımla birgə gələcək və o zaman burada daha çox qalacağam”.
İrandan gələn Xədicə Məsud da Əshabi-Kəhfi ziyarət etməkdən sevinc duyduğunu bildirdi. Dedi ki, ziyarətgah ilk andan məni mənəvi-ruhi aləmə apardı. Bura günahların təmizləndiyi, insanı saflaşmağa, bütün ruhi iztirablardan xilas etməyə qadir müqəddəs bir yerdir. Ziyarətgah həm də insanlara xeyirxah əməllər aşılayan bir məkandır. İran saytlarında Əshabi-Kəhf barədə çoxlu məlumatların olması soydaşlarımızı bu müqəddəs məkanla daha yaxından tanış edir, onlar da fürsət tapan kimi Naxçıvana gələrək ziyarətgaha üz tuturlar. Qədimliyi və müasirliyi özündə birləşdirən diyarınızda insanların mehribanlığı, təmizliyə ciddi riayət olunması bir daha göstərdi ki, bura əsl gəzməli, görməli, yaşamalı yerdir.
Türkiyədən ailəsi ilə birlikdə Əshabi-Kəhfi ziyarət etməyə gələn Necati Yılmaz Naxçıvanın dini-mənəvi dəyərlərin qorunub saxlanıldığı yer olduğunu dedi:
– Naxçıvanlılar doğma yurda, onun tarixinə, xalqımızın min illər boyu yaşadılmış milli və mənəvi dəyərlərinə bağlıdırlar. Dünyanın ən müqəddəs yerlərindən sayılan Əshabi-Kəhfi ­ziyarət etdiyim üçün çox xoşbəxtəm. Türklərdə ulu Tanrıya inam çox güclüdür. Bu gün bu ziyarətgaha gələn yüzlərlə həmyerlim də buranın insanı mənən saflaşdıran müqəddəs bir məkan olduğunu görürlər. Burada ziyarət etdiyim yerlər həmişəlik yaddaşımın dərinliklərində qalacaq. Yaradılmış rahat şəraitə görə minnətdarlığımı bildirirəm.
Bakı şəhərindən gələn Gülşən Məlikova qeyd etdi ki, min illərdən bəri insanlar ürəklərindəki saf, təmiz niyyətlərinin qəbul olunması üçün müqəddəs ziyarətgahlara üz tutur, bununla da dünyadakı ən savab işlərdən onlara da pay düşəcəyinə inanırlar. Əshabi-Kəhf ziyarətgahı da belə müqəddəs yerlərdən biridir. Dünyanın dörd bir yerindən bu müqəddəs məkana gələn zəvvarlar dualarının məhz bu ziyarətgahda Allaha çatdığına, Uca Yaradana bir addım daha yaxın olduqlarına inanırlar. Artıq beşinci dəfədir ki, ziyarət etdiyim bu yerdə mənəvi rahatlıq tapıram. Bura mənim hər il gəlmək istədiyim ziyarətgahlar içərisində birinci sıradadır.
Goranboy rayonundan gələn Gülxanım Əsgərli Əshabi-Kəhfin “Damcıxana” adlanan yerinin möcüzəvi xüsusiyyətlərindən danışır: “Eşitmişdim ki, ürəkdə tutulan arzular buranı ziyarət etdikdə tez yerinə yetir. Çox sevincliyəm, bura qalxan kimi başıma su damcısı düşdü. Bu, o deməkdir ki, niyyətim tezliklə qəbul olunacaq. Ulu Tanrı hamının dualarını qəbul etsin…”
Ziyarətgahın yaxınlığında yerləşən hədiyyə və ərzaq mağazaları da bura üz tutanların xidmətindədir. Burada yerli məhsullar təqdim olunur. Ziyarətgahın ərazisində “Qonaq evi”, “Bələdçi otağı” da fəaliyyət göstərir. Burada yaradılan hər bir şərait insanların rahatlığına xidmət edir.
Dünya əhəmiyyətli məkan olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi Naxçıvanın nə qədər qədim tarixə malik olduğu faktını bir daha təsdiqləyir. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvana gələn çoxsaylı qonaqlar da bu müqəddəs məkanı ziyarət edir, buradan xoş təəssüratlarla ayrılır, bu torpağın qədimliyinin bir daha şahidi olurlar.
Biz də bu müqəddəs məkandan – Əshabi-Kəhf ziyarətgahından zəngin təəssürat və xoş duyğularla geriyə, Naxçıvan şəhərinə doğru yol ­aldıq…

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR