Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi” təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu gün də uğurla davam etdirilir. Bu məqsədlə təşkil olunan “Yay məktəbi”ndə iştirak edən şagirdlər əvvəlcə istirahət mərkəzi ilə tanış olub, onlar üçün ayrılmış otaqlarda yerləşdiriliblər. Həmin gün uşaqlar arasında dama yarışı keçirilib, qaliblər mükafatlandırılıb. Həmçinin gün ərzində oxunması zəruri olan bir neçə kitabın müzakirəsi keçirilib, sonda isə vətənpərvərlik mövzusunda film nümayiş olunub.
İkinci gün sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif idman oyunları keçirilib, onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil edilib.
Üçüncü gün nəzərdə tutulmuş proqrama uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə oxunması zəruri olan daha bir neçə kitabın müzakirəsi keçirilib. Həmçinin Naxçıvan Dövlət Kukla Teatrının aktyorları “Yay məktəbi” iştirakçıları üçün tamaşa göstəriblər. Günün ikinci yarısında isə sağlamlıq imkanları məhdud uşaqların təbiətə gəzintisi təşkil olunub.
“Yay məktəbi”ndə iştirak edən 9 yaşlı Aysu Əliyeva ilə söhbətimiz zamanı bildirdi ki, üç gün ərzində mərkəzdə istirahətləri gözəl təşkil olunub və təşkilatçılar onların hər bir problemi ilə yaxından maraqlanıblar. Ən çox da keçirilən oyunlar onda xoş təəssürat yaradıb.
17 yaşlı Suat Muradovu isə daha çox Ağbulaq kəndinin təmiz havası valeh edib. Müsahibimiz bildirdi ki, buranın sərin havası, gözəl təbiəti ilə yanaşı, kənd gəzintisi və idman oyunları da günlərimizin xoş keçməsinə səbəb oldu. Bizim üçün yaradılan bu cür şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirirəm.
İstirahət mərkəzində uşaqları müşayiət edən valideynlərdən Xumar Əliyevanın fikrincə, belə istirahətlər sağlamlıq imkanları məhdud uşaqların psixoloji durumuna da müsbət təsir göstərir. Onların Ağbulaq İstirahət Mərkəzində oyunlar oynaması, kitabları müzakirə etməsi həm də uşaqlar arasında dostluq münasibətlərinin yaranmasına imkanlar açır. Onların, xüsusilə intellektual oyunlarda fərqlənmələri biz valideynləri də xeyli sevindirdi.
Valideyn Heyran Məmmədova isə yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirərək qeyd etdi ki, bu gün Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb, onların hər bir problemi yerindəcə həll olunur.
Qeyd edək ki, “Yay məktəbi”ndə valideynlərin də müşayiəti ilə 39 nəfər iştirak edib. Uşaqlar üçün 1 həkim və 4 nəzarətçi təhkim olunmuşdu.
Muxtar respublikamızda aztəminatlı ailələrin uşaqları da hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Onların sağlamlıqları, təlim-tərbiyəsi, təhsilləri, intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmaları və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu sahədə ardıcıl işlər görülür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqının iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində aztəminatlı ailələrdən olan uşaqların da “Yay məktəbi” təşkil olunub. 45 nəfərin iştirak etdiyi məktəbdə Ağbulaq kəndi ərazisinə ekskursiya, müxtəlif idman və əyləncəli oyunlar, müsabiqələr, intellektual yarışlar, oxunması zəruri olan kitabların müzakirəsi keçirilib, Azərbaycan filmləri nümayiş etdirilib. Uşaqlar arasında Azərbaycan xalq mahnılarından ibarət karaoke, “Milli dəyərlərimiz bizim sərvətimizdir” və digər mövzularda maarifləndirici seminarlar təşkil olunub. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri uşaqların qarşısında konsert proqramı ilə çıxış ediblər. İstirahət müddətində keçirilən müsabiqə və yarışlarda fəal olan uşaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla təltif olunublar.
“Yay məktəbi”nə cəlb olunmuş uşaqlara nəzarət etmək üçün 4 nəfər komitə əməkdaşı və istirahət müddətində uşaqların sağlamlıqlarının qorunması, onlara ilkin tibbi yardımın göstərilməsi məqsədilə bir nəfər həkim təhkim olunub.
Ceyhun MƏMMƏDOV