22 Dekabr 2024, Bazar

Yaz ayları Naxçıvan dağlarını bir rəssam kimi özünəməxsus çalarla boyayır. Bu boyama dağların yamaclarına göz oxşayan xüsusi bir gözəllik bəxş edir. Ulu Tanrının bəşəriyyətə əvəzsiz nemət kimi təqdim etdiyi bu gözəlliyi insanı valeh edən xoş ətir duyğusu tamamlayır. Həmin xoş ətir  içərisində hər birimiz üçün doğma olan bir ətir var – kəklikotu ətri...

Kəklikotu Naxçıvan dağlarında, aranda, yamaclarda, demək olar ki, muxtar respublikanın bütün bölgələrində yetişir. Necə deyərlər, özünə əsl “Naxçıvan vətəndaşı” statusu qazanan bir bitkidir. Bitkinin dərman kimi istifadəsi IV-V əsrlərə gedib çıxır. O zaman yerli sakinlər, Naxçıvanda yaşayan qədim türklər bilirdilər ki, bu bitkinin soyuqdəymə, bağırsaq xəstəliklərinə faydası çoxdur. XVII əsrdə yaşamış Azərbaycan həkimi və alimi Hacı Süleyman İrəvani bu bitkinin müalicəvi əhəmiyyəti haqda yazmışdır: “Kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir, ağciyər üçün xeyirlidir. Çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul etmək məsləhətdir. Bu bitkinin həlimi qarında küt ağrıları götürür, həzmə kömək edir. Əncirlə qarışdırılmış həlimi öskürəyə faydalıdır. Təzə pendirlə yeyildikdə insanı kökəldir. Göz qarasına ləkə düşərsə, oraya kəklikotu şirəsini damcıldatmaq lazımdır. Yarpağı bal ilə ovxalanaraq məlhəmi bərk şişlərin üzərinə sürtüldükdə şişləri sorur”.

Bu faktlar hələ orta əsrlərdə yerli əhaliyə yaxşı məlum idi. Bundan başqa, müasir dövrdə kəklikotunun hipertoniya xəstəliklərində geniş istifadəsi də məlumdur. Kəklikotunu çеynəməklə dişağrısını yox еtmək və damaqları möhkəmlətmək mümkündür. Həlimini bəlğəmgətirici və öskürəyə qarşı vasitə kimi içmək olar. Tibet həkimləri isə ovxalanmış kəklikotu yarpaqlarından hazırlanmış məlhəmdən yarasağaldan vasitə kimi istifadə еtməyi məsləhət görürlər. Bu məlhəmi hazırlamaq üçün 5 çay qaşığı ovxalanmış kəklikotuna 1 stəkan qaynar su tökürlər. Bu, kiçik qurtumlarla içilən gündəlik dozadır. Müasir tibb elminə görə, kəklikotu spazmolitikdir, mərkəzi əsəb sistеmini sakitləşdirir, qan təzyiqini aşağı salır.
Müasir təbiət elminə kəklikotunun 400-ə qədər növü məlumdur. Naxçıvanda bu növlərin 17-si mövcuddur. Maraqlı burasıdır ki, Naxçıvanda bitən kəklikotu növləri hansısa meyvənin, çiçəklərin dadını verməklə məşhurdur. Qızılgül, limon ətri verən kəklikotu bu gün də ən sevimli ədvalar kimi Naxçıvan mətbəxində özünəməxsus yer tutur. Hətta ən yaxın dosta, qohuma hədiyyə kimi də ətirli kəklikotu pay vermək ən yaxşı sovqat sayılır. Qızılgül, limon dadı verən kəklikotu, demək olar ki, ancaq Naxçıvan ərazisində yayılmışdır və əhali tərəfindən dəmləməsindən geniş istifadə edilir. Bəzi ərazilərimizdə adi kəklikotu geniş yayılsa da, ətirli kəklikotu konkret məkanı və yeri ilə tanınır. Əgər Gəmiqaya zirvələrində geniş ərazilərdə limon dadı və ətri verən kəklikotu yayılıbsa, Kəngərli rayonunun Qarabağlar kəndində qızılgül ətri verən kəklikotunu hamı asanlıqla toplaya bilir. Hətta Şahbuz rayonunun Külüs kəndi ərazisində yerli sakinlərin nanəcövhər dadı verən kəklikotu topladığının da şahidi olmuşuq. Yerli əhali arasında Naxçıvanda kəklikotunun müalicə məqsədilə arağını, çiçəklərindən isə mürəbbəsini hazırlayanlar da var. Bu mürəbbəyə ölkənin digər bölgələrində rast gəlinmir.
Kəklikotu haqda çox danışmaq olar. Onun müalicəvi əhəmiyyətini bütün naxçıvanlılar yaxşı bilir. Ulu öndər Heydər Əliyevin Naxçıvana səfərlərinin birində Naxçıvan şəhərindəki çayxanada əyləşərək kəklikotu çayı içməsi hamımızın yaxşı yadındadır. O zaman Bakıdan Naxçıvana qonaq gələnlərdən biri kəklikotunu “kəkotu” adlandırmışdı. Buna etiraz edən milli lider bu bitkinin adının “kəklikotu” olduğunu bildirmiş və ölkənin əksər rayonlarında yanlış olaraq “kəkotu” deyildiyini vurğulamışdı. “Bu, kəkliklərin yediyi bir otdur. Ona görə də kəklikotu adlanır”, – demişdi.
Bu gün Naxçıvanda hər kəs bu bitkinin hansı dərdin dərmanı olduğunu çox gözəl bilir. Yazda, may, iyun aylarında toplanan kəklikotu qurudularaq qışa saxlanır. Soyuqdəymə üçün faydalı olduğundan qışda dəmləməsindən istifadə edilir.

P.S. Bəzən yovşanı qədim türklərin uzaq tarixindən bu günə yadigar qalan bitki kimi təqdim edirlər. Bu, faktdır. Çünki Ötükəndən Şərqi Avropaya qədər qədim türklərin yaşadığı çöllərdə yövşan bitir. Kəklikotu isə payıza qədər Naxçıvanın əlçatmaz zirvələrində ətir saçır. Buna görə də kəklikotu ətri Naxçıvan dağlarının əvəzedilməz ətridir...

Səməd CANBAXŞIYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR