Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər cari ilin iyul ayında da davam etdirilmişdir.
Görülən işlərin nəticəsidir ki, ötən ay ərzində məşğulluq mərkəzləri tərəfindən 315 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunmuşdur. Onların 109-u gənc, 67-si qadın, 9-u sağlamlıq imkanları məhdud şəxs, 4-ü isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir.
Ötən ay 77 nəfər müvəqqəti xarakterli işlərə göndərilib, əhalinin məşğulluğunun təmin edilməsi tədbirləri çərçivəsində uzun müddət ünvanlı dövlət sosial yardımı alan 21 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilmişdir. Həmçinin kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, gözəllik salonu və dərzi sexlərində 3 bərbər və 10 bərbər-manikürçü işlə təmin edilmişdir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə tədris-hazırlıq, kinooperator hazırlığı üzrə təlim, eləcə də qazanxana maşinisti peşə kursları təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audiokitabxana xidmətindən istifadə edən görmə qabiliyyəti məhdud şəxslər tərəfindən 1052 əsər dinlənilmiş, sağlamlıq imkanları məhdud uşaqlar Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi”nə cəlb olunmuşlar.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti