Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə dair tədbirlər planının icrası çərçivəsində monitorinqlər davam etdirilir. Monitorinqlər Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Statistika Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələrindən ibarət komissiya tərəfindən aparılır. Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanılması, həmçinin əmək müqavilələrində əməkhaqlarının real göstərilməsini müəyyən etmək məqsədi daşıyan növbəti monitorinqlər zamanı Ordubad və Şahbuz rayonları üzrə, ümumilikdə, 57 obyektdə 35 işçi ilə yeni əmək müqavilələrinin bağlanılması təmin edilib, 100 işçinin isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti