Mütaliə həvəsi insana kiçik yaşlardan aşılanmalı, ona ailə tərəfindən sevdirilməlidir. Sonra bu, məktəbdə davam etdirilməlidir. Müəllimlərimiz sayəsində bu sehrli dünya ilə tanış olmağa başlayırıq. Kitab düzgün dost seçimində, yaxşını, pisi ayırd etməyimizdə, insanlarla asan ünsiyyət qurmağımızda bir növ vasitəçi olur. Kitab oxumaq həmçinin dünyagörüşümüzdə, həyata baxışımızda, düşüncəmizin inkişafında, xəyal gücümüzün genişlənməsində mühüm rol oynayır. Çox vaxt dostlarımızdan, yaxınlarımızdan ala bilməyəcəyimiz məsləhətləri, tövsiyələri məhz bizə kitab verir. Ancaq təəssüflər olsun ki, bəzi insanlar bu həqiqətə bir qədər biganə yanaşırlar. Bu yerdə “Kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn onları oxumamaq” (Rey Bredberi) sözləri yada düşür. Həqiqətlərlə dolu bir kəlamdır. Çünki kitablardan uzaq qalmaq, onlara biganə olmaq günahdır.
Statistik göstəricilərə görə, dünyada 130 milyon adda kitab mövcuddur. Hər kitabda çox sayda obrazlar var. Onları oxuyan hər bir adam özünə bir ideal tapa bilər. Və həyatda həmin ideal obraza bənzəməklə özünü kamil şəxsiyyət kimi formalaşdıra bilər. Axı insan məlumatlandıqca bilikləri üst-üstə yığılır və elmi dünyagörüşünün çoxalmasına, formalaşmasına gətirib çıxarır.
Sevindirici haldır ki, bu gün muxtar respublikada kitab oxumaq cəmiyyətin, xüsusilə də gənclərin çoxunun həyat tərzinə çevrilib. Belə ki, 2017-ci il avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Sərəncamda oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib. Həmin kitabların təbliği istiqamətində bir sıra işlər görülüb.
Bu gün muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərindən tutmuş ən ucqar dağ və sərhəd kəndlərində, oradakı məktəblərdə zəngin kitab fondu olan kitabxanalar fəaliyyət göstərir. Bütün kitabxanalara çoxsaylı kitablar verilib. Dünya və klassik Azərbaycan ədəbiyyatı nümunələrindən tutmuş çağdaş ədəbiyyatımızadək istədiyimiz kitabı həmin kitabxanalardan alıb mütaliə etmək şəraiti yaradılıb. Belə mədəniyyət müəssisələrinin səmərəli fəaliyyəti təmin olunub. Nə üçün hamılıqla belə fəaliyyətdən yetərincə istifadə etməyək? Axı asudə vaxtımızın səmərəli təşkilində, işdən sonrakı yorğun vaxtlarımızda kitabı ən yaxın dosta çevirmək olar.
Muxtar respublikamızda mütaliəyə marağı gücləndirmək istiqamətində yeni ənənələrin formalaşmasını mütaliəsevərlər onlara göstərilən qayğı kimi dəyərləndirirlər. Kitabxanalarda yeni işıq üzü görmüş kitabların təqdimat mərasimlərinin keçirilməsi, həmin kitablardan ibarət sərgilərin təşkil olunması, kitab müzakirələrinin, yazıçı və şairlərlə görüşlərin keçirilməsi belə tədbirlərdəndir.
O da qeyd olunmalıdır ki, Ali Məclis Sədrinin yuxarıda adını çəkdiyimiz sərəncamı təkcə muxtar respublikada deyil, ölkə səviyyəsində yüksək dəyərləndirilib, bu qiymətli xəzinəyə qayıdış adlandırılıb. Müsbət haldır ki, həmin sərəncamdan sonra bütün kitabxanalarda adıçəkilən kitablardan ibarət guşələr təşkil olunub, kitabların müzakirəsi müntəzəm olaraq davam etdirilir. Bu da, sözsüz ki, yeniyetmə və gənclərdə mütaliəyə maraq yaradır, onlarda mütaliə mədəniyyəti formalaşdırır.
Telli MUSTAFAYEVA