Uşaqların mənəvi tərbiyəsi baxımından tətil, istirahət valideynlər üçün yaxşı fürsətdir. Balacaların hərtərəfli, ahəngdar inkişafı onların daxili hisslərindən, əhval-ruhiyyələrindən çox asılıdır. Uşaq ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da çoxalır. Tətil günləri mənalı keçirilərsə, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə maraqları da artmış olacaq. Çünki onlar yaxşı istirahət sayəsində daxili rahatlıq hissi əldə ediblər.
Naxçıvanda məktəbyaşlı uşaqların yay tətilinin maraqlı, yaddaqalan olması üçün lazımi tədbirlər həyata keçirilir. Onların istirahət günlərində muxtar respublikamızın gəzməli-görməli yerlərinə ekskursiyalar, uşaqların iştirakı ilə müxtəlif əyləncəli yarış və viktorinalar təşkil olunur. Uşaqların dünyagörüşlərinin artırılmasında, intellektual səviyyələrinin genişləndirilməsində məktəbdənkənar müəssisələrin də əvəzsiz rolu vardır. Hazırda muxtar respublikamızda 36 məktəbdənkənar müəssisə fəaliyyət göstərir ki, onlardan da 6-sı paytaxt Naxçıvan şəhərindədir.
Naxçıvan Muxtar Respublikası Turizm Diyarşünaslıq Mərkəzi bu gün məktəblilərin ən çox üz tutduğu ünvanlardandır. 1973-cü ildə Naxçıvan şəhərində Gənc Turistlər Stansiyası adı ilə yaradılan müəssisə 2005-ci ildən Turizm Diyarşünaslıq Mərkəzi adı ilə fəaliyyətini davam etdirir. Mərkəzin direktoru Murad Babayev dedi ki, məktəbdənkənar müəssisə hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. 2013-cü ildə bina yenidən qurularaq kollektivin ixtiyarına verilib. Hazırda burada 2 adda şöbə, 10 dərnək fəaliyyət göstərir. Mərkəzin əsas işi uşaqların asudə vaxtlarını maraqlı, əyləncəli keçirmələrini təmin etmək, gənc nəslə doğma diyarı sevdirmək və vətənpərvərlik hissləri aşılamaq, onları tarixi keçmişimizlə tanış etməkdən ibarətdir.
Öyrəndik ki, mərkəz tərəfindən hər il yay tətili günlərində uşaqların mənalı istirahətini təşkil etmək üçün tədbirlər planı hazırlanır. Bu il də ənənəyə uyğun olaraq iyun ayının 20-dən etibarən plan üzrə məktəblilərin doğma Naxçıvanımızın gəzməli-görməli yerlərinə, tarixi abidələrinə, mədəniyyət, sənaye, istehsal müəssisələrinə ekskursiyaları təşkil edilib. Tətil günlərində məktəblilər mərkəzdə yaradılan mədəni istirahət imkanlarından da geniş şəkildə faydalanıblar. Onlar ilk olaraq burada keçirilən şahmat, tennis və digər stolüstü idman oyunlarına qatılıblar. Həmin tədbirlər uşaqlara xoş əhval-ruhiyyə bəxş edib. Eyni zamanda mərkəzdə yer alan tariximizlə bağlı vəsaitlər, məntiqi düşüncəni artıran kitablar və bədii ədəbiyyatlar məktəblilər tərəfindən qiraət olunub. Bu da onların dünyagörüşünün formalaşmasına, erkən yaşlardan mütaliəyə alışmasına böyük töhfədir. Məktəblilər buradakı elektron lövhədə doğma diyarımızın möhtəşəm tarixini, güclü iqtisadiyyatını, müasir həyatını, təbiətini, qüdrətli ordumuzun nailiyyətlərini əks etdirən sənədli filmlərə tamaşa ediblər. Bu da uşaqlarda Vətənə, torpağa, xalqa məhəbbət hissinin güclənməsinə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına əsaslı təsir göstərir. Mərkəzdəki tarix-diyarşünaslıq muzeyində qədim, orta əsr və müasir dövrləri əks etdirən eksponatlara tamaşa edən uşaqlar buradan xoş təəssüratlarla ayrılıblar.
Mərkəz tərəfindən yay tətilinə təsadüf edən əlamətdar günlərlə bağlı tədbirlər keçirilib, əlaqədar mədəniyyət müəssisələrində yer alan eksponatlarla tanışlıq olub. 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə bağlı uşaq və yeniyetmələrlə vətənpərvərlik mövzusunda söhbətlər aparılıb və mövzuya həsr edilən sənədli filmlər nümayiş olunub. Bundan başqa, iyun ayının 28-dən başlayaraq 3 gün müddətinə 150-dən artıq məktəbli “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” ilə əlaqədar İslamın ali dəyərlərinin və zəngin tarixi-mədəni irsimizin dərindən öyrənilməsi məqsədilə İslam mədəniyyətinin nümunələri olan abidələrə ekskursiyalar edib, mərkəzdə milli dəyərlərimizi əks etdirən əl işlərindən ibarət yeni sərgiyə baxıblar.
Tədbirlər planı çərçivəsində iyul ayının 10-da məktəblilər üçün Əcəmi seyrəngahında Naxçıvan Rəssamlar Birliyinin üzvü, Əməkdar rəssam Həmzə Sadiqov tərəfindən ustad dərsi keçilib. O, Açıq Səma Altında Muzeydə olan eksponatların eskizlərini yaradıb, məktəblilərə bu eskizlərin tabloya köçürülməsi qaydaları haqqında məlumat verib. Həmzə Sadiqov şagirdlərə ustad dərsinin incəliklərindən bəhs edib, müxtəlif janrlar, dünya rəssamlıq inciləri haqqında danışıb. O, rəngkarlığın sirləri, əsərin işlənmə texnikası barədə də söhbət açıb. Məktəblilər öyrəniblər ki, əvvəlcə bütöv obyektlərin və fonun rənglənməsi aparılmalı, sonra isə əsərin kiçik elementlərinin işlənilməsi vacibdir.
Xatırladaq ki, yaxın günlərdə məktəblilərin Naxçıvan Biznes Mərkəzi ilə də tanışlıqları olacaq. Tətilin sonunadək bir sıra tədbir və səyahətlərin keçirilməsi nəzərdə tutulub.
Sonda onu da qeyd edək ki, uşaqlara qayğı göstərmək, onlarda sağlam düşüncə formalaşdırıb Vətənə, xalqa və dövlətə layiqli vətəndaş kimi yetişdirmək üçün təkcə aidiyyəti təşkilatlar deyil, valideynlər də yaxından iştirak etməlidirlər. Onlar tətil günlərində övladlarını səmərəli istirahətin ünvanı sayılan məktəbdənkənar müəssisələrə yönəltməklə bu işə böyük töhfə verə bilərlər.
Nail ƏSGƏROV