23 Dekabr 2024, Bazar ertəsi

Dünən Ordubad Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Tədbiri Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikanın iqtisadi və sosial həyatında sığorta işinin əhəmiyyətindən bəhs edib.
Vurğulanıb ki, ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən sığorta xidmətlərindən istifadə edən vətəndaşlar müxtəlif yerlərdə rast gələ bilən gözlənilməz hadisələrdən dəyən maddi zərərlərin ödənilməsinə etibarlı təminat alırlar. Bu baxımdan sığorta fəaliyyətinin daha da genişləndirilməsi vacibdir.
Baş direktor bildirib ki, ötən müddətdə Ordubad rayonunda da bu istiqamətdə işlər görülüb. Belə ki, Ordubad rayonu üzrə cari ilin ilk yarısında 4838 sığorta müqaviləsi bağlanılıb, onlardan 1168-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, 1752-si daşınmaz əmlakın icbari sığortası olub. O, Ordubad rayonunda daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı, fərdi qəza və digər sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, ölkə­mizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası təmin olunmalıdır. Son dövrlərdə Ordubad rayonunda sığorta sahəsində görülmüş işlərlə bərabər, icbari qaydada sığorta etdirilməli vətəndaşlara və sahibkar­lara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Buna görə də Ordubad rayonunda sığorta fəaliyyətinin daha da genişləndirilməsi və bu sahədə maarifləndirmə işlərinə diqqətin artırılması vacib vəzifə kimi qarşıda durur.

Tədbirdə kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bildirilib ki, kənd təsərrüfatında aparılan sığorta işi digər könüllü sığortalar kimi, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir. Buna görə də Ordubaddakı əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının, habelə ev heyvanlarının və arı ailələrinin sığortalanması məqsədilə buradakı fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri arasında maarifləndirici işlər genişləndirilməlidir. Çıxışda ayrı-ayrı icbari və könüllü sığorta növləri üzrə icra vəziyyəti təhlil olunaraq hər bir sığorta növünün əhəmiyyəti diqqətə çatdırılıb.
Sonra Ordubad Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Rauf Rüstəmov və rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəis müavini, daxili xidmət mayoru Hüseyn Həşimov, Dəstə və Dırnıs kənd icra nümayəndələri icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR