22 Dekabr 2024, Bazar

Gənclərin Ağbulaq İstirahət Mərkəzində mənalı istirahətləri təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Həmkarlar İttifaqları Şurasının, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə Naxçıvan Müəllimlər İnstitutunun 50-dək fəal tələbəsi iyulun 19-dan 22-dək füsunkar təbiətin qoynunda yerləşən Ağbulaq İstirahət Mərkəzində olublar.

 İyulun 19-da “Yay məktəbi”nin iştirakçılarına qoşulub, mən də Ağbulağa yollandım. Yolboyu bu gün gənclərimiz üçün yaradılan hərtərəfli şəraitdən söhbət açıldı, Naxçıvanın dünəni ilə bu gününü müqayisə ­etdik... 

...Vaxt var idi ki, özünün qüdrəti ilə dünyaya səs salan keçmiş Sovetlər İttifaqı zamanında biz uşaq və yeniyetmələr də Şahbuz rayonunun Batabat yaylağında “Qaranquş” adlandırılan pioner düşərgəsinə göndərilirdik. Ancaq hansı bir şəraitdə? Əvvəlcə bizi aparan avtobuslardan başlayaq. “Alabaş” adlandırılan köhnə avtobuslarla yol getmək, sözün həqiqi mənasında, uşaqlar üçün cəhənnəmə səyahət etməyə bərabər idi. Hələ yolları demirəm. Çala-çuxurla dolu olan bu yolda sıradan çıxmış avtobusla hərəkət etmək əsl əzab idi. Batabata gedərkən sovet ideologiyasının “gözbəbəyi” olan “şanlı pionerlər” avtobusun bağlanmayan qapısından içəriyə dolan toz-torpaqdan boğulur, toza qarşı allergiyası olanlar isə daha çox əziyyət çəkirdilər. Hələ düşünəndə ki bu yolu bir də geri qayıdacağıq, onda düşərgəyə getməyimizə peşman olurduq...
Müstəqilliyimizin ilk illərində isə hər hansı bir düşərgədən necə söhbət gedə bilərdi ki, o vaxtlar yeməyə çörək tapa bilmirdik. Bir qarnı ac, bir qarnı tox yatır, qan­içənlərin gözəl yurdumuzu viran qoyacağından, dünyanın ən dəhşətli dərdi olan vətənsizliklə üz-üzə qalacağımızdan ehtiyat edir, kiçikdən böyüyədək hamı döyüşlərə can atır, düşmənə həddini bildirməyə çalışırdı. İşıq, qaz olmadığı üçün yayda istidən, qışda da soyuqdan əziyyət çəkir, dünyadan təcrid edildiyimiz üçün səsimizi heç yerə çatdıra bilmirdik. Yaxşı ki həmin vaxt ulu öndərimiz Heydər Əliyev Naxçıvana gəldi, qədim diyar təhlükələrdən xilas edildi. Yaxşı ki Naxçıvanda müstəqil Azərbaycan dövlətinin təməllərini təşkil edən mühüm addımlar atıldı. Yaxşı ki görkəmli dövlət xadiminin siyasi məktəbinin layiqli məzunları oldu. Yaxşı ki bu gün Qurucu Rəhbərimiz var...
Məhz buna görə də bu gün bütün problemlər öz həllini tapıb. Bununla bərabər muxtar respublikamız ­başdan­-başa yenidən qurulub. Yaradılan yol və turizm infrastrukturu isə bu gözəlliyə gözəllik qatıb. Bu gün kənd turizminin inkişafına əhəmiyyətli töhfələr verən Ağbulaq İstirahət Mərkəzi kimi gözəl məkan da yaradılıb. Ancaq onu da deyim ki, əgər bu yollar abadlaşmasaydı, Ağbulaqda və digər turizm yerlərində cənnət yaradılsaydı da, onun heç bir əhəmiyyəti, faydası olmayacaqdı. Oraya yollanan şagird və tələbələrimiz bu gün ən müasir avtobuslarla, regionun ən abad yolları ilə bu gözəl məkana gəlirlər. Biz gedəndə əzab-əziyyət çəkirdiksə, bugünkü gənclik səyahətdən zövq alır, əylənir, hərdən gözəl şeirlər, mahnılar da səsləndirirdilər. Bizim yoxluqlar, təhlükələr, sıxıntılar içində məhv olan uşaqlığımızın, gənc­liyimizin problemləri bugünkü nəsil üçün tamamilə yaddır. Ona görə də bu şəraiti yaradanlara nə qədər minnətdar olsaq, bir o qədər azdır...
Qısa zamanda muxtar respublikanın kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulağa çatırıq. Buranın təbiətinin gözəlliyi insanı valeh edir. Kənddə aparılan quruculuq işləri bu yaşayış məntəqəsini daha da gözəlləşdirəcək. Bu ildən etibarən kənddəki bütün evlərin dam örtüyü dəyişdirilir, fasadlar yenilənir, yararsız tikililər sökülür, həyətlərdə abadlıq işləri aparılır və çəpərlənir, lazımi kommunal-məişət şəraiti yaradılır. Yaşayış məntəqəsindən kənarda isə yeni təsərrüfat binaları tikilir. Həyata keçirilən tədbirlər, zəngin təbii turizm ehtiyatları və müasir sosial infrastruktur Ağbulaqda kənd turizminə üstünlük verənlər üçün ideal şərait yaradır...
İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tahir Məmmədli günün nizam qaydası, mərkəzdə keçiriləcək tədbirlər barədə gənclərə məlumat verdi. Mərkəzin bütün heyətinin səfərbər olduğu, lazımi hazırlıqların vaxtında aparıldığı ilk baxışdan hiss olunurdu. Bu, daxilən məni sevindirdi. Çünki bu gün inkişafı zərurətə çevrilən turizm sektorunun gələcəyi insanlara göstərilən xidmətin səviyyəsindən birbaşa asılıdır. Ağbulaq İstirahət Mərkəzində apardığım müşahidələrə əsasən deyə bilərəm ki, burada xidmət mədəniyyəti artıq müasir dövrün tələbləri səviyyəsində formalaşıb. Mərkəzin bütün əməkdaşlarının ilk anlardan son saatadək tələbələrə göstərdikləri diqqət, qayğı, mehriban münasibət bizim milli xüsusiyyətlərimizin nəticəsi olmaqla yanaşı, həm də xidmət səviyyəsinin göstəricisi idi.
Turizm mərkəzi ilə tanışlıqdan sonra tələbələrə verilən naharda təqdim olunan milli mətbəximizin ləziz yeməklərinin dadına-tamına söz ola bilməzdi. Bu məqamda yenə sovet dövründəki pioner düşərgəsində olduğum günləri xatırladım, o vaxtlar dünyanın supergüclərindən birinin məktəblilərə verdiyi yeməklərin çeşidlərini yada saldım. Həmin yeməklərin bu gün təqdim edilən milli yeməklərimizin heç ondabiri qədər də keyfiyyəti, dəyəri yox idi. Kiçik bir müqayisə müstəqilliyimizin, dövlətçiliyimizin əhəmiyyətini ortaya qoyur, dövlətimizin vətəndaşlarına, o cümlədən gənclərə göstərdiyi diqqət və qayğını bir daha göstərir.
Proqrama uyğun olaraq stolüstü idman oyunlarında iştirak edən tələbələr daha sonra oxunması zəruri olan kitablarla bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyunda biliklərini sınadılar. Tələbələrin həm burada, həm də iyulun 21-də keçirilən “Xəmsə” intellektual oyundakı fəallıqları, verilən sualları qısa zamanda doğru cavablandırmaları onlarda mütaliə mədəniyyətinin formalaşdığını göstərirdi.
Maraqlı keçən bir günün ardından axşam “Girdab” bədii filmi nümayiş etdirildi. Ağbulaqda istirahət edən gənclərimizə maarifləndirici, məlumatlandırıcı xarakter daşıyan belə filmlərin, sonrakı iki gündə isə Vətənə, xalqa, dövlətçiliyə bağlılıq aşılayan milli filmlərimizin nümayiş etdirilməsi önəmlidir.
Muxtar respublikanın Turizm Departamentinin və Gənclər Fondunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda iyulun 20-də istirahət mərkəzində keçirilən tədbir də yaddaqalan oldu. Bu barədə qəzetimizdə ətraflı məlumat verdiyimiz üçün mən Ağbulaqda turizmin digər mühüm bir növü barədə fikirlərimi qeyd etmək istərdim. Əvvəlcə onu deyim ki, turizm dedikdə, ilk növbədə, yayın isti günlərində dincəlmək, sərinləmək üçün insanların ölkə­daxili və xarici ölkələrdəki istirahət məkanlarına üz tutmaları başa düşülür. Ancaq Ümumdünya Turizm Təşkilatının statistik göstəricilərinə görə, hər il dünya turistlərinin, təxminən, 30-35 faizi qış aylarında istirahət etməyə üstünlük verirlər. Bu, bir tərəfdən insanların məşğulluq sahəsi ilə bağlıdırsa, digər tərəfdən, sözsüz ki, onlarda qış fəslinə olan sevgi, qışın romantik görüntülərinə heyranlıqdır. Yüksəkliklərin təmiz havasından yararlanmaq, ailəliklə xoş istirahət etmək, yaşadıqları həyatın streslərindən kənarlaşmaq, istirahət etdikləri bölgənin mədəniyyətini araşdırmaq istəyi qış turizmini son illər daha çox diqqətçəkən turizm növlərindən birinə çevirib. Bu mövsümi turizmdən danışarkən insanın gözləri önündə, ilk olaraq yüksək dağlıq ərazilərdə, əsasən, xizək idman növü canlanır. Bu mənada, iyulun 17-də Ağbulaq kəndində Xizək Mərkəzinin təməlinin atılması və burada tikinti işlərinə start verilməsi bölgədə qış turizminin gələcək inkişafı baxımından çox böyük önəmə sahibdir.
İyulun 21-də Ağbulaq İstirahət Mərkəzi daha bir maraqlı tədbirə ev sahibliyi etdi. Həmin gün 22 iyul – Milli Mətbuat Günü münasibətilə muxtar respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları ilə görüş oldu, muxtar respublikada keçirilən tədbirlərin işıqlandırılmasında fəal iştirak edən gənc jurnalistlər təltif edildilər. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər ­Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Yay məktəbi”nin fəal gəncləri də iştirak etdilər.
İyulun 22-də növbəti “Yay məktəbi” başa çatdı. Ağbulaqda 4 gün ərzində keçirilən müxtəlif idman və intellektual oyunları, konsert pro­qramları, tədbirlər tələbələrdə xoş ovqat yaratdı. Gənclərlə söhbət edərkən bir daha bunun şahidi oldum. Naxçıvan Müəllimlər İnstitutunun tələbələri Səbinə Həsənova, Firuzə Əlibəyli, Eltac Qurbanov, Mikayıl Cəfərov bildirdilər ki, Ağbulaq İstirahət Mərkəzindən hər birimiz yüksək əhval-ruhiyyə ilə qayıdırıq. Burada yaxşı istirahətimiz üçün hər cür şərait yaradılmışdı. Bu, Naxçıvan şəhərinin 2018-ci il üçün Gənclər Paytaxtı seçildiyi muxtar respublikamızda gənclərə göstərilən böyük diqqət və qayğının növbəti nümunəsidir. Onlar vurğuladılar ki, bu ilin may ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışı oldu. “Yaxşı təhsil al­mağımız üçün burada hər cür şərait yaradılıb. Gənclərə göstərilən hərtərəfli qayğının müqabilində dərslərimizi daha yaxşı oxumalı, Vətənimizə, dövlətimizə, xalqımıza faydalı olacaq kadr kimi yetişməliyik. Bütün bunlara görə dövlətimizə minnətdarıq”, – tələbələrin ümumi fikri belədir.
...Deyirlər ki, yaxşı istirahət etməyi bacarmayan insan yaxşı oxuya və yaxşı işləyə bilməz. Əgər istirahət etmək üçün vaxt varsa və bunun üçün lazımi şərait yaradılıbsa, onda turizmin fenomen gücündən faydalanmaq, il ərzində yaranmış fiziki və mənəvi yorğunluqdan xilas olmaq mümkündür. 2015-ci il martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası qədim diyarımızın sakinlərinin mənalı istirahətinə geniş imkanlar açıb. Həmin müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən ötən illər ərzində aztəminatlı ailələrin övladlarının, sağlamlıq imkanları məhdud uşaqların, qabaqcıl məktəblilərin və tələbələrin Ağbulaq İstirahət Mərkəzinə səyahətlərinin təşkil edilməsi onların mənalı istirahəti üçün gözəl fürsətdir. Bütün bunlar doğma Naxçıvanımızda insan amilinə verilən yüksək qiymətin təzahürüdür.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR