23 Dekabr 2024, Bazar ertəsi

Bu məqam çimərliklərdə daha çox nəzərə alınmalıdır

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yarandığı gündən əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində apardığı işlərlə yanaşı, su hövzələrində və çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri tədbirlər həyata keçirir. Əsas məqsəd çimərliklərdən istifadə edən vətəndaşların istirahətlərinə və sağlamlıqlarına səbəb ola biləcək halların aradan qaldırılmasıdır.

Qızmar yay günlərində muxtar respublikamızda da istirahət məqsədilə çimərliklərə və digər su hövzələrinə üz tutan vətəndaşların sayı nəzərəçarpacaq dərəcədə artıb. Lakin bir çox hallarda qadağan olunmuş qeyri-çimərlik ərazilərindən istifadəyə meyilli olan bəzi insanlar Günəş vannası qəbul etmək, eyni zamanda sərinləmək arzusunu həyatı bahasına ödəməli olurlar. Adətən, bədbəxt hadisələr vətəndaşların çimərliklərdə təhlükəsizlik, davranış qaydalarına əməl etməmələri, burada fəaliyyət göstərən xilasedicilərin müvafiq tələblərinə məhəl qoymamaları nəticəsində baş verir. Statistik təhlillərin nəticəsinə əsaslanıb deyə bilərik ki, bu hadisələr, əsasən, qadağan olunmuş, təhlükəli ərazilərdə çimənlərlə bağlıdır. Bu, bir daha onu göstərir ki, qadağanedici və xəbərdaredici məlumat lövhələrinə, sahil zolağı boyunca yerləşdirilən şarlara əhəmiyyət verməyən bəzi insanlar birmənalı şəkildə özlərini ölümün pəncəsinə atırlar. Ona görə də bədbəxt hadisələrin qarşısının alınması üçün xilasedicilərin olduğu ərazilərdə çimmək tövsiyə olunur. Digər tərəfdən, əvvəlki illərin təcrübəsinə nəzər salsaq, çimərliyə gələnlər arasında spirtli içkilərdən istifadə edərək suya baş vuranlara da rast gələ bilərik. Bu isə ölümlə üz-üzə qalmaq deməkdir.
Təbii ki, hər bir insanın istirahət hüququ vardır. Amma bu hüquqdan istifadə edərkən digərlərinin hüquqlarını pozmaq və yaxud bu sahədə cavabdehlik daşıyan qurumların işinə maneçilik törətmək olmaz. Təcrübə göstərir ki, çimərliklərdə istirahət edən insanların bir çoxu müvafiq tələblərə riayət etmədən istirahətlərini özlərinin dünyagörüşünə uyğun qurmağa çalışırlar. Belə hallar həmin ərazidə dincələnlərin də həyatı üçün təhlükə yaradır və əksər hallarda digər insanlar arasında narazılıqların yaranmasına səbəb olur.
Təəssüflər olsun ki, ötən illərin statistikasında su hövzələrində boğulanların əksəriyyətini yeniyetmə, gənclər və məktəbyaşlı uşaqlar təşkil edib. İlk növbədə, unutmaq olmaz ki, uşaq və yeniyetmələrin çimərliyə valideynsiz gəlmələri və ya suya nəzarətsiz daxil olmaları əsas təhlükə yaradan amillərdəndir. Eyni zamanda uşaqların çimərlik ərazisində qoyulan tələblərə, qaydalara əməl etməmələri həm onların, həm də digər istirahət edən vətəndaşların həyatını təhlükə qarşısında qoyur.
Çimərlikdə fəaliyyət göstərən xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymayan uşaqlar həm də onların fikirlərini yayındırmaqla görü­ləcək təhlükəsizlik tədbirlərinin də keyfiyyətini aşağı salırlar. Təəssüflər olsun ki, bəzən uşaqları ilə çimərliyə gələn valideynlər sonradan öz istirahətlərinə aludə olub uşaqlarını unudurlar.
Bütün bunlar nəzərə alınaraq çimərlik mövsümündə insanların sularda təhlükəsiz istirahətinin təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi vətəndaşlarımızı aşağıda qeyd olunan davranış qaydalarına riayət etməyə çağırır:
- çimərlikdə uşaqları nəzarətsiz qoymayın;
- 13 yaşdan aşağı uşaqlara çimərlikdən yalnız valideynlərin və böyüklərin müşayiəti ilə istifadə hüququ verilir;
- nəzarətsiz ərazilərdə çimmək qadağandır;
- suda üzən nəqliyyat vasitələrinə yaxınlaşmayın;
- çimmə zonasının işarələnmiş sərhədlərini keçmək qadağandır;
- çimərlik ərazisini və suyun dibini zibilləmək olmaz;
- çimmə zonasında balıq ovlamaq qadağandır;
- sərxoş halda çimərliyə getmək və çimmək həyatınız üçün təhlükəlidir;
- skuterlərin sərxoş şəxslərə verilməsi qadağandır;
- qadağan edilmiş ərazilərə üzgü vasitələri ilə daxil olmaq təhlükəlidir;
- xilasetmə məntəqəsinin, xilas­etmə texnika və avadanlığının, habelə xilasedicilərin olduğu yerlərdə çimmək lazımdır;
- xəbərdaredici nişanların, lövhələrin tələblərinə və xilasedicilərin çağırışlarına riayət edin;
- belə lövhələri sındırmaq və ya ondan digər məqsədlər üçün istifadə etmək qadağandır.
Sadalanan bütün təhlükəsizlik qaydalarına əməl edən şəxslər istirahətini təhlükəsiz və rahat başa vura bilər. Unutmaq olmaz ki, istirahət hüququ heç kimə başqalarının həyatı üçün təhlükə yaratmağa icazə vermir.
Hər hansı bir təhlükə yarandıqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə zəng etməyi unutmayın!

Emin QASIMOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR