Hələ ən qədim dövrlərdən ibtidai insanlar daş alətlər vasitəsilə özlərinə müxtəlif əşyalar düzəldərək ov ediblər. Daş insanların estetik zövqünün inkişaf etdirilməsində böyük rol oynayıb. Əbəs deyildir ki, ilk rəsm nümunələri də daş və qayalar üzərində cızılıb.
Azərbaycanda daş üzərini bəzəmək, onlarda kəsmə, oyma, cızma üsulu ilə naxışlar açıb insan, heyvan və başqa təsvirləri həkk etmək XI-XIII əsrlərdə dekorativ-tətbiqi sənətin geniş yayılmış sahələrindən biri kimi çox qədim və zəngin ənənəyə malikdir. Bu əsrlərə aid daş bəzəklərinə, əsas etibarilə, memarlıq abidələrində və məzar daşlarının üzərində təsadüf edilir. Zəngin daş yataqlarına malik olan Naxçıvan bölgəsinin sakinləri bir sıra yaşayış məskənlərində daş üzərində işləmə, bədii daşyonma mərkəzləri yaradıblar. Burada çalışan ustalar bölgənin daş ehtiyatından xammal mənbəyi kimi istifadə edərək, yaşadıqları dövrdə sonralar saxtalaşdırılması mümkün olmayan çoxlu abidələr yaradıb gələcək nəsillərə yadigar qoyublar. Bu qədim sənət bu gün də muxtar respublikamızda yaşadılır. Sənətkarlar yaratdıqları əsərlərlə şəhər və rayonlarımızın gözəlliyinə xüsusi çalarlar bəxş edirlər.
Naxçıvan şəhərindəki və rayon mərkəzlərindəki istirahət parklarında, küçə və meydanlarda düzülən və doğma diyarımızın hüsnünə xüsusi gözəllik qatan müxtəlif heyvan və quş heykəlləri hamının diqqətini özünə cəlb edir. Elə biz də bu sənət əsərlərinin kimə aid olduğu ilə maraqlandıqda öyrəndik ki, Şərur rayonunun Muğancıq-Mehrab kəndində yaşayan Dərgah Hüseynov 300-ə yaxın belə sənət əsəri ərsəyə gətirib. Usta nəinki Şərurda, muxtar respublikanın digər rayonlarında da yaratdığı əl işləri ilə tanınır.
Cansız daş parçalarından bacarıqla istifadə edərək əsərlər yaradan Dərgah deyir ki, uşaqlıqdan bu sahə ilə maraqlanıb, şəkillər çəkib, taxtadan, keramikadan, plastik parçalardan müxtəlif suvenirlər hazırlayıb. 15 ildən çoxdur ki, bu işlə məşğul olan gənc usta həmin sənəti müstəqil şəkildə, daş üzərində sadə fiqurlar çəkib oymaqla öyrənib. Deyir ki, daşyonma ustadan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik, xüsusilə də rəssamlıq bacarığı tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir. Dərgah onu da bildirir ki, təkcə daş üzərində işləmir. Metaldan da bəzi əl işləri düzəldir. Əgər yaxşı bir sənət əsəri yaratmaq istəyirsənsə, yaradacağın əsərə onu satmaq, ondan qazanc götürmək fikri ilə işə yanaşmamalısan. Yalnız sənətə yararlı münasibət, sözün həqiqi mənasında, yaxşı işləri ortaya çıxara bilər. Əgər ondan təmənnan varsa, yəni ona olan sevgin təmənnasız deyilsə, iş də yaxşı alınmayacaq. O, istifadə etdiyi xammalı ən çox Sədərək rayonundakı Vəlidağdakı müəyyən laylardan gətirərək istifadə edir. Usta vurğulayır ki, heykəl üçün istifadə olunan bu daş parçalarını seçərkən diqqətli olmaq lazımdır. Çünki daşı seçərkən onun keyfiyyəti yaradacağımız heykəlin tez və asan başa gəlməsində mühüm rol oynayır. Yəni daş elə olmalıdır ki, ona çəkic və digər alətlərlə toxunduqda o çatlamasın və istədiyimiz formanı ala bilək. Digər lazım olan xammalı isə Naxçıvan Sement Zavodundan alır. Vaxtının çoxunu bu sənətə həsr edən usta qeyd edir ki, daşyonma ilə uşaqlıqdan məşğulam. Ancaq görürəm ki, hələ yaradılası çox əsər var. Nə qədər ki ürəyim döyünür, nə qədər ki bizim üçün yaradılan bu cür gözəl şərait var, işləməliyəm. İstəyirəm ki, gülüstana çevrilən Vətənimizin gözəlliyində mənim də payım olsun. Usta bu işi daşyonma sənəti ilə məşğul olmaq istəyənlərə öyrətmək arzusundadır.
Onun qədim formada düzəltdiyi çilçıraqlar, küçə fənərləri, müxtəlif heyvan fiqurları insanı biranlıq xəyal aləminə aparır. Görürük ki, yarılıb ocağa qoyulması mümkün olmayan “daş” kötüklər, daş parçaları, cansız metal da ustanın qabar barmaqlarından cana gəlib, sənət əsərlərinə çevrilə bilirlər. Xalqımızın illərboyu qoruyub saxladığı bu sənətlər cansızlara “can bəxş edən” sənətdir.
Bəli, doğrudan da, insan əli istəsə, daşa belə həyat bəxş edə bilər.
Ramiyyə ƏKBƏROVA