22 Dekabr 2024, Bazar

Qədim diyarımız zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, həm də təbiətin bu torpağa bəxş etdiyi əvəzolunmaz nemətləri ilə məşhurdur. Muxtar respublikamızın özünəməxsus dadlı meyvələri, bostan bitkiləri Azərbaycanda, eləcə də xarici ölkələrdə şöhrət qazanıb. Bu gün ölkə bazarlarında Naxçıvan duzu, göycəsi, Ordubad limonu, əriyi, Üstüpü kələmi, Bənəniyar üzümü, Şahtaxtı tutma qovunu, Nehrəm qarpızı və saymaqla bitməyən onlarla belə kənd ­təsərrüfatı məhsulu alıcıların tələbatının yüksək olduğu nemətlər sırasındadır.

 

Bu gün Naxçıvan-Culfa magistral avtomobil yolunun kənarlarında qurulmuş piştaxtalarda istədiyin çəkidə Nehrəm qarpızı, yemişi almaq mümkündür. Yolboyu piştaxtalar üzərinə səliqə ilə düzülmüş qarpızlar, yemişlər buradan ötənlərin diqqətini çəkir. Sürücülərin əksəriyyəti avtomobilini saxlayıb, torpaq mülkiyyətçilərindən məhsulların qiymətini soruşur, istədiklərini münasib qiymətə aldıqdan sonra yollarına davam edirlər. Biz də piştaxtalara yaxınlaşıb, satıcılarla söhbətləşirik.
Torpaq mülkiyyətçisi Nəcəf Həmzəyevlə söhbət zamanı öyrənirik ki, buradakı satıcıların, demək olar ki, hamısı bostançılıqla məşğul olan ailələrin üzvləridir. Onlar bu sahədən yaxşı qazanc əldə edir, ailə­sinin ehtiyaclarını öz halal zəhmətlərinin bəhrəsi ilə ödəyirlər. Uzun illərdir ki, 15 hektara yaxın sahədə qarpız, yemiş yetişdirməklə məşğul olan mülkiyyətçi bostanında yetişdirdiyi məhsullardan ağızdolusu danışır: “Aprel ayının sonu, may ayının əvvəllərində bu məhsulun əkininə başlayırıq. Kollar çiçəkləyənə qədər bir neçə dəfə su veririk. 3-4 dəfə tağları alaq otlarından təmizləyir, kolların diblərini boşaldır, vər qoyuruq. Əkinlərə aqrotexniki qaydada qulluq göstəririk. Ötən il bol məhsul əldə etmişdim, qazancım da kifayət qədər oldu. Bu il də zəhmətimiz hədər getmədi, sahələrdə bol məhsul yetişib. İnanırıq ki, yaxşı qazanc sahibi olacağıq”.
Həmsöhbətim qarpızın becərilmə qaydalarından da söhbət açdı. Dediyinə görə, əvvəllər bir sıra problemlərlə qarşılaşsa da, indi bunlar tamamilə aradan qaldırılıb. Su cəhətdən heç bir çətinlik çəkmir. Texnika ilə təchizat da yetərincədir. Yetişdirilmiş məhsulun satışına da hərtərəfli şərait yaradılıb. O da ailəsi ilə birlikdə bu imkanlardan səmərəli istifadə edir.
Digər bostançı Eldar Sadiqov isə bu il 9 hektar sahədə əkin aparıb. O, bu sahədəki təcrübəsini bizimlə belə bölüşür: “Qarpızı hər yerdə əkmək olmaz. Bu məhsulu gərək ən azı 2 il dincə qoyulmuş torpağa əkəsən. Bu zaman kollar sürətlə inkişaf edər, tağlar da diri qalar. Bu bitkidən yüksək məhsul götürülməsi qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsindən asılıdır. Bitkiyə qulluq dedikdə, suvarma, alaqlama, seyrəltmə, dibdoldurma, gübrələmə, tağların kökləndirilməsi, ucvurma, süni, yaxud əlavə tozlandırma, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərini nəzərdə tuturam. Məhsulun yetişməsinəcən, yəni iyunun sonu, iyulun əvvəlinəcən qarpıza 3 dəfə bol su verməlisən. 4-cü dəfə də su vermək olar, amma bu dəfə gərək az verəsən, necə deyərlər, bir növ dadımlıq”.
Müsahibimiz bunu da xüsusilə qeyd edir ki, bir zamanlar xarici ölkələrdən muxtar respublikamıza gətirilən və daha çox böyük çəkisi və gözəl görüntüsü ilə diqqəti cəlb edən qarpızlar sağlamlıq üçün ciddi təhlükə yaradırdı. Çünki onların hamısına vaxtından tez böyüməsi və çəkisinin artıq olması üçün güclü azot gübrəsi verilir. Elə qarpızdan zəhərlənmələrin böyük qismi də məhz belə məhsullardan istifadə zamanı əmələ gəlir. Nehrəmlilər isə kimyəvi dərmanlar əvəzinə təbii gübrələrdən istifadə edirlər. Bizim qarpızın dadının özünəməxsusluğu isə Nehrəmin bərəkətli torpaqları, havası, suyu ilə əlaqədardır.
Yol kənarında olarkən daha bir neçə torpaq mülkiyyətçisi ilə həmsöhbət oluruq. Hər kəs də Nehrəm qarpızının özəlliyini torpağın münbit­liyi, havasının və suyunun təmiz olması, bir də ki ona göstərilən qayğı ilə əlaqələndirir.
Elnur Süleymanova isə bu sualı ünvanlayırıq: – Yaxşı qarpız seçmək üçün nələrə fikir verməliyik? Həmsöhbətimiz deyir ki, qarpız alanda böyüyünü seçsəniz yaxşıdır, ancaq çox da iri çəkidə olmamalıdır. Qarpız nə qədər böyük və yüngül olarsa, bir o qədər də dəymiş hesab edilir. Yaxşı qarpızın çəkisi, təxminən, 8-10 kiloqram olmalıdır. Yetişmiş qarpızın qabığının möhkəm və parlaq olması şərtdir. Həmçinin qarpız seçərkən onun qabığını sürtüb iyləmək olar. Əgər bu zaman yeni kəsilmiş ot qoxusu gələrsə, demək ki, qarpız kaldır, hələ tam yetişməyib. Yetişmiş qarpıza əl ilə vurduqda o yay kimi əyilib əlinizi əks etdirməlidir. Əgər dəymiş qarpıza qulağınızı söykəyib vursanız, o zaman təmiz, cingiltili səs eşitməlisiniz.
Yay aylarının sevimli məhsullarından olan qarpız şirəli, sərinləşdirici olub, aclığı və susuzluğu aradan qaldırır. Bu bostan məhsulu olduqca müalicəvi əhəmiyyətə malikdir. Orqanizmi, xüsusən böyrəkləri və qaraciyəri zərərli maddələrdən təmizləyir. Böyrəklərdə duz və daş yığılmasının qarşısını alır. Mütəxəssislər qan təzyiqinin tarazlanmasından, sağlam arıqlamağa qədər çoxlu sayda faydası olan qarpızın yay aylarında bol-bol qəbul edilməsini təklif edir.
Qarpızın qan təzyiqi və ürək funksiyasının yaxşılaşdırılmasına kömək etdiyini, bundan əlavə, xərçəng xəstəliklərinə qarşı da qoruyucu bir təsirə malik olduğunu bildirən Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Xumar Həsənova bizimlə söhbətində dedi ki, qarpızın orqanizmi təmizləyici xüsusiyyəti var. Çünki tərkibinin 95 faizi sudur. Ona görə də böyrəkləri çox yaxşı işlədir, onda rast gəlinən daş və duzları təmizləyir. Eyni zamanda qumtökmə, daşsalmada da təsirlidir. Bu meyvədə bol B, C vitamini və antioksidant ehtiyatı var. Onda olan likopen maddəsi qan təzyiqini nizamlayır. Tərkibində olan yüksək kalium və beta karoten maddəsi sayəsində ürəyin infarkt xəstəliyindən qorunmasında əvəzsiz təsirə malikdir. Qarpız tam mənası ilə bir şəfa mənbəyidir.
Həkim artıq çəki problemi olanlara da bol-bol qarpız yemələrini məsləhət görür. Deyir ki, qarpızı, əsasən, yeməkdən sonra qəbul edirik. Lakin bu, doğru deyil. Qarpızı ac ikən yemək ondan maksimum şəkildə faydalanmağı təmin edir. Bu səbəblə qarpızın yeməkdən əvvəl yeyilməsi daha düzgündür.
Dadı və faydaları ilə hər birimizin süfrəsində məxsusi yeri olan Nehrəm qarpızı indi ən çox alınan kənd təsərrüfatı məhsulları sırasındadır. Nehrəmli təsərrüfat sahibləri də yerli bitki sortlarımızın bir nümunəsi olan bu bitkinin genofondunun qorunmasına, əhalinin belə yerli məhsullara olan tələbatının ödənilməsinə öz töhfələrini verməyə çalışırlar.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR