22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərində yaşı yüz illərdən çox olan məhəllələr vardır. Şəhər binə olandan sonra müxtəlif tayfalar ayrı-ayrı məhəllələrdə toplanmış,  məhəllə adları da buradan ortaya çıxmışdır. Əlixan, Şahab, Sarvanlar, Ağamalı, Çuxur kimi məhəllələr öz adlarını ya tarixi şəxslərin, ya da o məhəllədə yaşayanların əsas məşğuliyyətindən götürüblər. Budəfəki yazımızda şəhərimizin qədim məhəlləsi olan Şahab haqqında söhbət açacağıq. 

Məhəllənin döngə və tinləri, ərazidəki qədim abidələr buranın tarixi keçmişindən xəbər verir. Şahabın tarixi haqda mərhum dilçi-alim Adil Bağırov “Naxçıvanın urbanonimləri” kitabında ətraflı məlumat verir: “V.Qriqoryev və İ.Şopen XIX əsrdə Naxçıvan şəhərinin əsas kvartallarından birinin Şahab məhəlləsi olduğu haqda məlumat verirlər. Tədqiqatçı Ə.Əliyev yazır ki, “Şahab məhəlləsi çox güman ki, ərazisində vaxtilə gur su, yaxşı su olmasına görə belə adlandırılmışdır. Şahab fars dilində “gur su, keyfiyyətli su” mənasında işlənir”. Ə.Əliyevdən fərqli olaraq R.Salayeva Yusif Küseyir oğlu türbəsi ətrafında əhalinin uçan ulduzu müşahidə etdiyi üçün Şahab adını “uçan ulduz”, “meteorit” mənalarında açıqlayır. Fikrimizcə, Şahab sözünün mənşəyini “uçan ulduz” və ya “gur su” ilə bağlamaq özünü doğrultmur, çünki məhəllə adı Kəngərlilərin Şahbanlular tayfasının adı əsasında yaranmışdır. Şahbanlular Kəngərlilərin böyük tayfalarından biri olmuş və Naxçıvan şəhərində yaşamışlar. Buna görə məhəlləyə Şahbanlular adı verilmiş və toponim canlı danışıq dilində tədricən Şahab şəklinə düşmüşdür”.

Naxçıvan şəhərində aparılan quruculuq işləri bu məhəlləni də əhatə edib, küçələr abadlaşıb, yol kənarlarına ağaclar əkilib, səkilərə daş düzülüb. Məhəllənin bir guşəsində Yusif Küseyir oğlu türbəsi əzəmətlə ucalır. “Atababa günbəzi” adı ilə tanınan bu abidə tanınmış memar Əcəmi Naxçıvani tərəfindən 1162-ci ildə tikilib, divarları həndəsi naxışlarla bəzədilib. Sərdabə və yerüstü qülləvarı hissədən ibarət olan türbənin kitabəsində onun kimin şərəfinə və hansı tarixdə inşa olunduğu öz əksini tapıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Digər kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıb. Dövlətimizin diqqət və qayğısı nəticəsində əsaslı surətdə bərpaolunan memarlıq incisi bu gün özünəməxsus görkəmi ilə şəhərimizin gözəlliyinə əlavə rəng qatır.
Məhəllədə yerləşən digər bir tarixi abidə isə Pirqəmiş məscididir. XVII əsrə aid dini-mədəni tikili özünəməxsus quruluşu ilə seçilir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 2010-cu il iyunun 3-dən bu məscid yeni görkəmi ilə qapılarını sakinlərin üzünə açıb. Burada insanların rahat şəkildə ibadət etməsi, eləcə də yas mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Məsciddə bərpa və tərtibat işləri klassik Şərq üslubunda həyata keçirilib, üzərində incə memarlıq elementləri öz əksini tapıb.
Pirqəmiş məscidinin önündə məhəllənin yaşlı sakini Abbas əmi ilə çinar altında oturub söhbət etdik. Abbas əmi bu məhəllənin keçmişindən, bu günündən danışdı, xatirələrini bizimlə bölüşdü. Dedi ki, şəhərin Xıncab, Qurdlar və digər məhəllələri kimi, Şahab məhəlləsinin sakinləri də bu günün özündə adət-ənənələrini yaşatmağa çalışırlar. Bu məhəllədə də xüsusi qaydalar olub və həmin qaydalara bu gün də əməl edilir. Məhəllə sakinləri bəzi illərdə susuzluqdan, bəzi illərdə qıtlıqdan əziyyət çəkiblər. Ancaq heç vaxt Şahabdan köçüb getməyi düşünməyiblər. İndi məhəllədə hər cür şərait vardır. İnsanlar rahat şəraitdə, firavanlıq içində yaşayır. Əvvəllər Şahabdakı əksəriyyət evlər möhrədən idi. İndi burada müasir üslublu yaraşıqlı evlər tikilib.
Məhəllənin digər bir sakini 80 yaşlı təqaüdçü Zərifə Həsənova bildirir ki, uzun illərdir, burada yaşayır. Onun ­dediklərindən:
– Qohum-əqrəbamızın əksəriyyəti bu məhəllədə yaşayır. Mən də burada dünyaya göz açmışam. Məhəllədə hər kəs bir-birinə mehriban münasibət göstərir, sevinci də, kədəri də bölüşürlər. Şahabda ağsaqqal nəsihətinə, ağbirçək öyüdünə hər zaman hörmət və ehtiramla yanaşılıb. Əvvəllər yolumuz bu qədər abad, döngələrimiz belə geniş olmayıb. Azacıq yağış yağan kimi küçələrdə yerimək mümkün olmur, qış aylarında uşaqlarımız məktəbə, biz böyüklər isə işə yubanardıq. Su sarıdan da az əziyyət görməmişik. Qıtlıq çəkdiyimiz həmin illər yaxşı yadımdadır. O zamanlar hərə əlinə bir-iki qab götürər, çeşmədən su gətirməyə gedərdik. Su və kanalizasiya xətlərinin çəkilişindən sonra insanların rahatlığı da tam təmin olunub. Şükürlər olsun ki, indi şəraitimiz yaxşı, ruzimiz bol, yolumuz rəvandır. Buna görə dövlətimizə minnətdarlıq edirəm.
...Şəhərimiz böyüdükcə, əhali artdıqca məhəllələrin də siması dəyişir. Şahab da artıq gözəlləşən abad məhəllələr sırasındadır.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR