22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Şərur Rayon Məşğulluq Mərkəzi tərəfindən əmək bazarı təhlil edilir, müəssisələrdə peşə tələbatı müəyyənləşdirilir, işçi qüvvəsi ilə mövcud vakant yerlər arasında fərq dəqiqləşdirilir. Qeyd olunan məsələlərlə əlaqədar 2018-ci ilin I yarısında mərkəzdə 289 nəfər işaxtaran qeydiyyata alınıb, onlardan 266 nəfəri daimi işlə təmin olunub.
Bu barədə Şərur Olimpiya-İdman Kompleksində təşkil olunan növbəti əmək yarmarkasında çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İmran Əliyev geniş məlumat veriblər.

Qeyd olunub ki, ilin əvvəlindən indiyədək 22 işaxtaran ictimai işlərə, 2 nəfər peşə hazırlığına cəlb edilib, 17 sağlamlıq imkanları məhdud, hərbi xidmətdən tərxis edilən 11 nəfər özünə daimi iş yeri tapıb, 2 nəfər isə peşə təhsili almaq üçün qeydiyyata götürülüb. Rayondakı xidmət mərkəzlərində yaradılmış bərbər, qadın gözəllik salonu və dərzi sexlərini peşəkar kadrlarla təmin etmək üçün mütəmadi iş aparılıb, müvafiq peşə təhsili olan 27 nəfər həmin obyektlərdə işlə təmin olunub.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən uzun müddət ünvanlı sosial yardım alan və sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə fərdi təsərrüfatlarını qurmaq, özünüməşğulluğu təmin etmək üçün 33 nəfərə, o cümlədən 29 nəfərə yanında balası olan “Simmental” cinsli inək, 2 nəfərə 20 baş qoyun, 1 nəfərə xalça toxumaq üçün hana, ip və digər avadanlıqlar, 1 nəfər cəzaçəkmə müəssisəsindən azad olunan vətəndaşa isə arı pətəyi və digər məişət əşyaları hazırlamaq üçün lazım olan avadanlıqlar verilib.
Vurğulanıb ki, işaxtaran vətəndaşların məşğulluğunun təmin olunmasının ən çevik formalarından biri də əmək yarmarkalarıdır ki, Məşğulluq Mərkəzində bu tədbirlərə də xüsusi önəm verilir. Belə ki, bu ilin aprel ayında keçirilən yarmarkada 42 nəfər daimi işlə təmin olunub. Bugünkü yarmarkaya isə müxtəlif idarə, müəssisə və özəl qurumlardan, ümumilikdə, 348 boş iş yeri çıxarılıb, 42 nəfərə işə qəbul üçün göndəriş verilib.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR