22 Dekabr 2024, Bazar

Ta qədimdən maldar və əkinçi ata-babalarımız il ərzində görülən işlərin vaxtını müəyyənləşdiriblər. Bu xalq təqvimində yay aylarının da xüsusi yeri olub. Məhz bu dövrdə biçin və döyüm işləri yerinə yetirilər, min bir zəhmətlə hasilə gələn taxılın tədarükünə başlanılardı. Etnoqraf Teymur Bünyadov qeyd edir ki, yayın orta ayı “qorabişirən” ay adlanır. Belə ki, iyun ayının ortalarından taxıl biçini başlayır. 

Ta qədimdən biçilən taxıl dərz bağlanar və bu dərzlər döyülmək üçün ayrılmış xüsusi əraziyə – xırmana aparılardı. Teymur Bünyadov qeyd edir ki, biçinçinin dörd əl tutumu biçdiyi sünbülə “bafa” deyirlər. Dörd bafa sünbül isə “bir dərz” adlanır. Etnoqraf Asəf Orucovun qənaətinə görə isə, beş bafa “bir dərz” adlanır. Başqa bir etnoqrafik mənbəyə görə, biçinçi hər dəfə orağı hərlədikcə biçilən taxıla “dəstə”, üç dəstəyə isə “çəmən” deyirlər. Üç çəməni bir yerə bağlayırlar ki, bu da “bağ” adlanır. Səkkiz bağ bir qoşqu heyvanının yüküdür. Ona “xalvar” deyirlər. Bir bayatıda deyilir:

 Biçinçi bafa bağlar, 

Biçdikcə bafa bağlar.
Bir yar vəfasız çıxsa,
Kim ona vəfa bağlar?

Xırman yeri seçən zaman ərazinin külək tutan yerdə, torpağının daş-çınqılsız, bitki üçün münbit olmayan kol-kossuz yerdə olmasına fikir verilərdi. Biçilmiş taxıl xırmana at, öküzə yüklənib daşınsa da, düzən yerlərdə öküz arabalarına üstünlük verilərdi. Çünki araba ilə daşınan zaman sünbül daha az itkiyə gedirdi. Öküz arabalarının banı və təkərləri taxtadan düzəldilərdi. Taxta təkərlərin üzərinə bir-iki santimetr qalınlıqda dəmir çənbər (halqa, tovqi) keçirilib üç-dörd yerdən dəmir qurşaqlarla bərkidilərdi. Adətən, xırmana ilk yük gətirən arabaçıya xələt verilərdi. Xırmana daşınan dərzlərin bağı açılar, heşan salınardı (Yəni qalın formada sahəyə sərilirdi). Heşanın yatması üçün ilkin olaraq bir neçə qaramalı boyun-boyuna bağlayar, heşan üzərində dairəvi dolandırardılar. Heşan nisbətən əzilib yatdıqdan sonra, yəni cehrə vurulduqdan sonra car-carla döyüm başlanardı. Car-car, təxminən, 2 metr uzunluqda tirin üstünə çəpəki olaraq ərsin formasında dəmirlər vurularaq düzəldilərdi. Tirin ucları qola elə birləşdirilərdi ki, qolun içərisində hərlənə bilsin. Arabanın təkər oxuna uyğun düzəldilən car-car heşan üzərində hərəkət etdikcə küləşi doğrayardı. Üçüncü mərhələdə gəm (vəl) ilə döyüm başlanardı. Vəl, adətən, ağır ağacdan (xüsusən qaraağac) hazır­lanardı. Enli taxta tapmaq çətin olduğu və daşımaqda asanlıq yaratmaq üçün vəl iki hissədən düzəldilərdi. Vəlin sağ və sol tayının nisbətən sivri baş hissəsinə zəncir bağlamaq üçün halqa salınardı. Vəlin alt hissəsində çox sayda yarıq yaradılıb bunlara daş çalardılar ki, sünbülü yaxşı əzsin. Vələ iki öküz qoşardılar. Bu, “bir boyun” adlanardı. Döyümü, adətən, iki adam həyata keçirərdi. Hodaq (xodək) adlanan gənc (yeniyetmə) vəlin üzərində ayaqüstə durar, sol əli ilə müvazinətini qorumaq üçün öküzün quyruğundan tutar, sağ əli ilə isə uzun çubuqla öküzləri idarə edərdi. “Gəm çubuğu” adlanan çubuq xüsusi seçilib kəsilər, döyüm hazırlığına aid edilərdi. Öküzlər dairəvi olaraq heşanın üzərində hərlənər və taxıl döyülərdi. “Garvan” adlanan yaşlı kişi isə döyümə nəzarət edər, kənara düşən küləşi yaba (şana) ilə heşanın üstə atardı. Qeyd edək ki, şum edən zaman da hodaq-garvan olur.
Döyümdən sonra küləşi sovurub taxıldan ayırardılar. Bu iş, demək olar ki, küləklə bağlı olduğu üçün, əsasən, axşamçağı, küləkli dövrdə həyata keçirilərdi. Salavat çevirməklə, müxtəlif nəğmələrlə yeli səsləyərdilər:

A yel baba, yel baba,
Qurban sənə, gəl, baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.

Döyülmüş taxılı kürəklə götürüb havaya atardılar. Külək yüngül samanı kənara aparar, tığda isə taxıl qalardı. Taxıl küləşdən nisbətən ayrıldıqdan sonra “şadara” (bir çox kəndlərimizdə “daşgir” də deyilir), iri deşikləri olan xəlbirlə taxılı ələyərdilər. Tam əzilməyən sünbüllər xəlbirdən keçməzdi. Buna “kozar” deyərdilər. Yığılan kozarı ya yenidən döyər, ya da quş və heyvanlar üçün yem kimi ayırardılar. Günəş altında çox qalan taxıl kimi, xırmanda yağışa düşən taxıl da keyfiyyətini itirərdi.
Yaydan, təxminən, bir ayı keçəndən sonra Azərbaycanda “Abrizəgan” adlı su bayramı da keçirilib. Bu bayramın taxıl biçini ilə əlaqəsi olmasa da, yayın quraq dövründə yağışı arzulayan insanlar arasında bu cür bayramı qeyd etmək inamı formalaşıb. Qədim Avesta təqviminə görə, bayram ilin dördüncü ayı olan “tir” ayının 30-cu günü (17-18 iyul) qeyd olunardı. Çay kənarında, kəhrizlərin yaxınlığında keçirilən bu bayramda yağışın süni əlamətləri yaradılar, adamlar bir-birinin üzərinə su çiləyərdilər. Qədim tarixi olan bu bayram, demək olar ki, müasir dövrdə tamamilə unudulub.
Yayın ikinci ayının bir hissəsi (iyulun 15-dən sonra) “qoradəyən” və ya “qoradöyən” dövr adlanır. Bu dövrdə üzüm qorası şəffaflaşır, yetişmək istəyir. “Dəymək” sözü yetişmək, hasilə gəlmək mənasında işlənir. Bu zaman yenicə sulanan, az şəkərli qoraları döyüb əzir, abqora düzəldərdilər. Ona görə də bu dövr “qoradəyən” və ya “qoradöyən” adlanır. Əkinçilər taxılı xırmandan tez yığışdırmağa çalışardılar. Çünki bunun ardınca payız şumu vaxtı yaxınlaşır və kənd təsərrüfatının digər sahələrində görüləsi işlər vardır.

Zaleh NOVRUZOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR