Babək rayonunda keçirilən əmək yarmarkasında rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev çıxış edərək muxtar respublikada əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikanın bütün bölgələrində, eləcə də Babək rayonunda hər il keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən tədbirlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin və işaxtaran vətəndaşların fəal iştirakını təmin edir.
Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vəli Vəliyev çıxışında rayonda yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb.
İşaxtaran vətəndaş Hidayət Əliyev ixtisasına uyğun müvafiq iş tapmasında əməyi olanlara minnətdarlığını bildirib.
Sonra yarmarka iştirakçıları onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. 19 müəssisədən 105 boş iş yerinin işaxtaran vətəndaşlara təqdim edildiyi yarmarkada 30 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi