Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq olunması və aid təşkilatlar tərəfindən bu proqramın icrası sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması üçün əlverişli şərait yaradır.
Proqramın əsas məqsədi muxtar respublikamızda yaşayan sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların informasiya texnologiyalarından istifadə imkanlarının artırılması, eləcə də təlim-tərbiyəsilə bağlı müvafiq pedaqoji kadrların hazırlanmasıdır. Proqramın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2018-ci ilin ilk 6 ayında müvafiq tədbirlər həyata keçirib. Belə ki, muxtar respublika üzrə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 1925 uşaqdan 305 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyənləşdirilib və onlar haqqında məlumat bazası yaradılıb.
Cari ilin 6 ayı ərzində komitə tərəfindən 430 nəfər sağlamlıq imkanları məhdud uşağın ailələri ilə əlaqə saxlanılıb, məlumat bazasının yaradılması məqsədilə söhbətlər aparılıb, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılıb, onların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə göndərilmələri tövsiyə olunub.
Proqramın icrası ilə əlaqədar uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə sağlamlıq imkanları məhdud uşaqların cəlb olunması diqqət mərkəzində saxlanılır. Belə ki, əlaqə yaradılan sağlamlıq imkanları məhdud uşaqlardan 5-i Naxçıvan Uşaq Bərpa Mərkəzinə, 3-ü Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, 1-i Naxçıvan Şəhər Şahmat Mərkəzinə, 2-si Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbinə, 2-si Şərur rayon Uşaq-Gənclər İdman Məktəbinə, 1-i Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 1-i 4, 1-i isə 5 nömrəli uşaq bağçasına cəlb olunub. Bacarıq və maraqları nəzərə alınaraq bu qəbildən olan 8 uşaq musiqi məktəblərinə və məktəbdənkənar müəssisələrin dərnəklərinə olmaqla, ümumilikdə, 24 nəfər məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə yönləndirilib.
Ümumilikdə, cari ilin ötən dövrü ərzində muxtar respublikanın 74 məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirilib, xüsusi kateqoriyadan olan uşaqlara qarşı heç bir hüquq pozuntusu qeydə alınmayıb. Eyni zamanda Ordubad və Culfa şəhərlərindəki 3 nömrəli, Qıvraq qəsəbə tam orta məktəblərində sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların valideynləri və məktəb psixoloqları ilə görüşlər keçirilib.
2018-ci ilin 10 mart tarixində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Təhsil nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə xüsusi kateqoriyadan olan uşaqlar üçün 10 mart – Milli Teatr Günü ilə əlaqədar Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Xalq artisti Şirzad Abutalıbovun səhnələşdirdiyi “Göyçək Fatma” tamaşasına baxmağa 128 nəfər sağlamlıq imkanları məhdud, hər iki valideyni vəfat etmiş və valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrin uşaqları cəlb olunub.
Ümumilikdə, proqram qəbul olunduğu gündən 3015 sağlamlıq imkanları məhdud uşağın ailəsi ilə əlaqə saxlanılıb, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılıb, potensialına uyğun olaraq onlardan 246 nəfəri məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti