22 Dekabr 2024, Bazar

Kəhrizlər hələ qədim zamanlarda insanların məişət və təsərrüfatda istifadə etdiyi əhəmiyyətli su mənbələri olub. Onlardan dəyirmanları işlətmək, əkinləri, bağları və bostanları suvarmaqla yanaşı, soyuducu kimi də istifadə edilib.
XX əsrin 30-cu illərinə qədər Naxçıvan diyarında 400-ə yaxın kəhriz fəaliyyət göstərib. Təkcə Naxçıvan şəhərində 30-dan çox kəhriz olub ki, onlar şəhər və ətrafındakı ərazilərin su tələbatını ödəyib. Lakin ötən əsrin ortalarında – sovet dönəmində həmin kəhrizlər baxımsız vəziyyətə düşüb, onların bir hissəsi unudulub, sıradan çıxıb. Bu isə, öz növbəsində, kənd təsərrüfatı sahəsində çətinliklərin yaranması və su çatışmazlığı ilə nəticələnib.
Sevindirici haldır ki, son illərdə muxtar respublikamızda bir çox sahələrə göstərilən qayğı kəhrizlərdən də yan keçməyib. Elə bunun nəticəsidir ki, 2004-cü ildə Naxçıvanda Kəhrizlər İdarəsi yaradılıb və ötən müddətdə onlarla kəhriz bərpa olunaraq əhalinin istifadəsinə verilib.

Naxçıvan şəhərində indi də fəaliyyətdə olan kəhrizlər vardır ki, onlar üzərində əməyi olan xeyriyyəçilərin adları ilə adlandırılır. Həmin kəhrizlər Cəfərquluxan, Mirzəbədəl, Qələndər, Kərbəlayi Musa, Çuxur, Məşhədi Tahir, Ağaməli, Şahbazağa, Cığatay, Cənənbər və başqalarıdır. Haliyədə muxtar respublika Kəhrizlər İdarəsi tərəfindən milli sərvətimiz olan kəhrizlər təmir­-bərpa olunaraq su potensialını artırmaqla xalqın istifadəsinə verilir. Bu gün nəinki şəhərimizdə, muxtar diyarımızın hansı səmtinə üz tutsaq, orada adı xeyriyyəçilik, insanpərvərlik kimi nəcib xüsusiyyətlərilə yaddaşlarda yaşayan ulu babalarımızın öz xalqına miras qoyub getdiyi kəhrizlərə rast gələrik. Bu isə Naxçıvandakı su mənbələrinin zənginliyini göstərir. Belə su mənbələri ilə diqqətçəkən bölgələrimizdən biri də Kəngərli rayonudur. Aparılan müşahidələrə, yaşlı adamların dedik­lərinə görə, rayonun ərazisində 100-dən çox kəhriz olub. Bu kəhrizlərdən 46-sı Qarabağlar, 36-sı Çalxanqala, 15-i Xıncab, 14-ü Xok, 4-ü Təzəkənd, 6-sı Yurdçu kəndlərinin ərazisindədir. Son illər kəhrizlərin təmiri və bərpası sahəsində görülən işlərdən bu bölgəyə də xeyli pay düşüb. Belə ki, rayonun Təzəkənd, Çalxanqala, Şahtaxtı və Xıncab kəndlərində kəhrizlər bərpa olunub. Rayonun Yurdçu kəndinin ərazisindəki məşhur Ağsu kəhrizinin də əvvəlki şöhrəti özünə qaytarılıb. Kəndə xüsusi gözəllik bəxş edən Ağsu kəhrizinin ətrafında yaraşıqlı park da salınıb. Kəhrizin qarşısında üçbucaq şəklində hovuz tikilib. İyirmi iki quyusu olan kəhrizin mənbəyindən hovuza qədər olan məsafə 656 metrdir. Su bu hovuzdan parkın sağ və sol tərəfinə çəkilmiş kanala axıb gedir. Kəndin 233 təsərrüfatı da bu kəhrizin saf suyu ilə qidalanır. Ağsu kəhrizinin təmiri qədim yurd yeri olan Yurdçunun torpağa bağlı insanlarına dövlət qayğısının növbəti ifadəsi kimi dəyərləndirilir. Bu gün Ağsu kəhrizi kimi muxtar respublikamızda qorunub yaşadılan bütün kəhrizlər, min illər əvvəl olduğu kimi, indi də çağlayaraq saf suyu ilə ürəklərə sərinlik, torpağa ruzi-bərəkət bəxş edir.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR