“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Şərur, Babək, Ordubad, Culfa və Sədərək rayonları üzrə, ümumilikdə, 11 aztəminatlı ailə müəyyənləşdirilib. Həmin ailələrdən 10-na yanında balası olan iribuynuzlu, 1-nə isə 10 baş xırdabuynuzlu heyvan verilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Sonra aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.
Babək rayonunun Naxışnərgiz kənd sakini Qənbər Zamanov göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 120 aztəminatlı ailənin özünüməşğulluğunun təmin edilməsi üçün müvafiq köməklik göstərilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti