Bir çoxlarımızın uşaqlıq xatirələrində tut meyvəsinin özünəməxsus yeri var. Hər yay barmaqlarımızda və üz-gözümüzdəki tut ləkələrini, ağacdan düşəndə cızılmış dizlərimizi necə unuda bilərik? Yediyimiz ən dadlı tut da məhz hansısa budaqdan öz əllərimizlə dərib yediklərimizdir. Tut ağacı ta qədimlərdən insanları bir araya gətirən müqəddəs ağaclardan olub.
Tutun çırpılma vaxtı bütün ailə məfrəş (“yelan”, “çərşov”, “dəstərxan” da adlandırılan, tut çırpılmaq üçün açılan, xüsusən kisədən tikilən süfrə) bir ucundan yapışır, böyüklərdən biri isə üstü tutla dolu ağacı silkələyir. Onun zərbəsindən göydən sanki bərəkət yağır, hamının üzündə bir sevinc və təbəssüm olur. Tut çırpılıb qurtardıqdan sonra hamı məfrəş ətrafında toplaşır, şipşirin, ağız sulandıran tutdan dadırlar. Ata-babalarımızdan qalma bu adətləri qoruyub-yaşadan insanlarımız tut ağaclarını müqəddəs, onun meyvəsini isə yoldan ötənlər üçün ehsan hesab ediblər. Qədim zamanlardan Şərqdə hörmətlə yanaşılan, böyük qol-budağa malik tut ağacları insanları həm də qızmar gün şüalarından qoruyub.
Muxtar respublikamızın bütün bölgələrində, demək olar ki, tut ağacları əkilib-becərilir. Yayın cırhacırında isti bölgələrimizdə artıq sovuşsa da, bu bal kimi şirin meyvəni ağız ləzzətilə çoxdan nübar etmiş olsaq da, məqsədimiz qurudulmuşu, doşabı və mürəbbəsilə şöhrət qazanan Ordubad tutundan yazmaq olduğu üçün üz tutduq həmin bölgəyə. Həmsöhbət olduğumuz ordubadlı bağban Əbdül Haşımov bağında 15-ə yaxın tut ağacı olduğunu dedi. O, tut budaqlarını müxtəlif meyvə ağaclarına: armud, heyva, limon, üzüm, gilas və digər ağaclara calaq etməklə dadlı, ləzzətli meyvələr yetişdirir.
Müsahibim deyir ki, tutun elmə 16 növü məlumdur. Ölkəmizdə ağ, xar, dənəli, dana, bənövşəyi, qara tut növləri daha çox yayılıb. Muxtar respublikamızın rayon və kəndlərində isə 3 tut növünə rast gəlinir. Ağ, qara və qırmızı. Bunlardan ağ və qara tut, demək olar ki, bütün yaşayış məntəqələrimizdə yetişir. Ağ tut yabanı şəkildə kiçik meşələrdə, çay sahillərində bitir. Qara tuta isə daha çox düzəngahlarda və dağətəyi ərazilərdə rast gəlirik.
Xartut kimi tanınan tut növü ən dəyərli və faydalı hesab olunur. Çünki onun tərkibindəki şəkər, üzvi turşular, zülal və digər maddələr insan sağlamlığı üçün çox xeyirlidir.
Müsahibimin sözlərinə görə, Ordubad rayonunun ucqar yaşayış məntəqələrində ağ tut iyun-iyul, qara tut isə iyul-avqust aylarında yetişir. Qаrа tut аğаcı аğ tutа nisbətən gеc inkişаf еdir, qurаqlığа və sоyuğаdаvаmlı, tоrpаğа tələbkаr оlmаyаn, istisеvən bitkidir. Qara tut ağacının meyvələri tünd-bənövşəyi, tünd-qırmızı və ya qara-qırmızı rəngdə olur. Onun meyvələri sulu, dadlı olur və hər il yetişir.
Əbdül dayı deyir ki, tam böyümüş tut ağacından il ərzində 200-250 kiloqrama qədər məhsul toplamaq mümkündür. Tut meyvəsini vaxtında toplamadıqda öz-özünə tökülür. Buna görə də onu hər 2-3 gündən bir çırpırlar.
Tutdan xalq təbabətində çox qədimdən istifadə edilir. Müsahibim tutun faydası haqda deyir: – Tut meyvəsindən hazırlanmış məhsullardan bir çox xəstəliklərin müalicəsində uğurla istifadə edildiyi barədə vaxtilə böyük təbib, mütəfəkkir və filosof İbn Sina məlumat verib. Onun yarpaqlarını çay kimi dəmləyərək şəkərli diabetdən əziyyət çəkən insanlara, ürək xəstəlikləri olanlara içirdirlər. Tutdan hazırlanan doşab isə xüsusilə qiymətlidir (Azərbaycanın bəzi regionlarında onu “bəkməz” adlandırırlar). Heç bir şəkər qatılmayan bu qaynadılmış şirə orqanizmə çox faydalıdır. Doşab qarpız, üzüm, yemiş və digər meyvə və tərəvəzlərdən hazırlansa da, ağ tutdan bişiriləni onların hamısından xeyirlidir.
Doşab təbii şirinləşdirici kimi həm un məhsullarına vurulur, həm də ondan desert kimi istifadə olunur. Ümumilikdə, xalq təbabətində doşabdan qankəsici, soyuqdəymənin qarşısının alınmasında güclü təsirə malik olduğu deyilir. O, qaraciyərin, mədənin, ürək-damar sisteminin müalicəsində, o cümlədən qanazlığından əziyyət çəkən insanlar üçün də faydalıdır.
Həmçinin tutdan spirtli içki, sirkə, kompot, sirop, müxtəlif şirələr, mürəbbə, cem, marmelad, şərbət hazırlanır.
Müsahibim onu da diqqətimizə çatdırdı ki, tutdan doşab, mürəbbə, xoşab və tut qurusu hazırlamaq Ordubadda qadınlarımızın bu gün də sevimli məşğuliyyətlərindən biridir. Bu çərəz ilboyu evlərimizdə çay süfrələrini bəzəyir. Bir vaxtlar, müharibənin çətin illərində də tut qurusu və tut meyvəsindən hazırlanan məhsullar insanların aclığının qarşısını alıb.
Meyvəsi kimi tutun ağacından da sənayedə geniş şəkildə istifadə olunur. Gərginliyə və rütubətədavamlılığı yüksək olduğundan ondan mebel, musiqi alətləri, çəlləklər və sair hazırlanmasında istifadə edilir.
Güntac ŞAHMƏMMƏDLİ