22 Dekabr 2024, Bazar

 

Muxtar respublikamızda insanların yaşayış şəraitinin yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, hər il yeni turizm və istirahət obyektləri sakinlərin istifadəsinə verilir. Təbii ki, isti yay günlərində hər birimiz ailəvi şəkildə istirahət etmək, bu məqsədlə xidmət çeşidliyi və münasib qiymətləri ilə seçilən məkanlara üz tutmaq istəyirik. Görülən işlərin nəticəsidir ki, doğma diyarımızda belə üstünlükləri ilə seçilən bir çox istirahət guşələri yaradılıb. Onlardan biri də Babək rayonunun Badaşqan kəndində yerləşən Naxçıvan Atçılıq və İstirahət Mərkəzidir. 

 Mərkəz özünəməxsus görünüşü ilə ilk baxışdan diqqəti cəlb edir. Mərkəzin ərazisi 3 hektara yaxındır və burada 20 nəfər işlə təmin olunub. Rəngarəng yaşıllıq guşələri, oturacaqlar, kupelərin müasir arxitektura ilə salınması istirahət üçün bura üz tutanlarda gözəl əhval-ruhiyyə yaradır. 

Göstərilən xidmətlərə gəldikdə isə bu məkanda istirahət edənlərə nümunəvi ictimai iaşə xidməti göstərilir. Belə ki, müştərilər milli mətbəximizin ləziz təamlarından dada, soyuq və isti içkilərdən istifadə edə bilərlər.
Həmçinin istirahət mərkəzinə gələn qonaqlar üçün tirdə atış, heyvanlar aləminə səyahət, faytonda gəzmək imkanları da yaradılıb. Burada uşaqların əyləncəsi üçün də hərtərəfli şərait mövcuddur. “Qarabağ”, “Ərəb”, “Midilli”, “Poni” və başqa at növlərinin olduğu atçılıq klubunda isə qonaqlar at minməzdən öncə təlimat alırlar. Mütəxəssislərin fikrincə, bir çox xəstəliklərin müalicəsində at minmək faydalıdır. Ona görə də, buraya gələnlər bu imkandan istifadə edirlər.
Qeyd edək ki, mövsümlə əlaqədar olaraq mərkəzə gələn müştərilərin sayında hər keçən gün artım müşahidə olunur. Xüsusən axşam saatlarında Naxçıvan şəhərindən, rayonlardan gələnlər bu məkanda ailəvi şəkildə istirahət etmək imkanı əldə edirlər.

Muxtar RZAZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR