Naxçıvan Muxtar Respublikasında insanların sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhər çimərliyinin yaradılması bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi dəyərləndirilir. 2014-cü ilin iyul ayında Naxçıvan şəhərində çimərliyin fəaliyyətə başlaması insan amilinə verilən qiymətin parlaq ifadəsidir.
İyulun 1-də Naxçıvan şəhər çimərliyində növbəti mövsümün başlanması münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələrdə insanların rahatlığının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Çimərlik istirahət zonasında da su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin çimərlikdə istirahət edənlərin istifadəsinə skuter, pedallı qayıq verilib, burada futbol və voleybol meydançaları fəaliyyət göstərir. Bu da isti yay günlərində sakinlərin və şəhərə gələn qonaqların istirahətinin səmərəli təşkilinə imkan verəcəkdir.
Sonra Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat verib, burada göstəriləcək təhlükəsizlik xidmətlərindən danışıb.
Qeyd edək ki, yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət və xidmət üçün 20 ədəd çətir, 4 ədəd duş kabinəsi quraşdırılıb, 100 yerlik paltarsaxlama və 4 ədəd soyunub-geyinmə yerləri hazırlanıb, restoran və digər xidmət sahələri də fəaliyyət göstərir. Burada təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılır, müşahidə qülləsi yaradılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 nəfərdən ibarət xilasetmə qrupu ərazidə xidmət aparacaq.
İstirahət zonasının ümumi sahəsi 10 min 260 kvadratmetrdir. Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik var. Uşaqlar üçün çimərliyin uzunluğu 22, eni 38 metr, dərinliyi isə 70-120 santimetrdir. Böyüklər üçün çimərliyin uzunluğu 248, eni 38, dərinliyi isə 2-4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.
Onu da deyək ki, çimərlik hər gün axşam saat 2000-dək açıq olacaq. Naxçıvan şəhərindən çimərliyə və əks-istiqamətə avtobus xidməti də fəaliyyət göstərəcək.
Ceyhun MƏMMƏDOV