Bu gündən növbəti əmək yarmarkalarına start verilir
İnsanların məşğulluq problemlərinin həlli istiqamətində son illər muxtar respublikada geniş layihələr həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, 2003-cü ilin oktyabr ayından 2013-cü ilin aprel ayının 1-dək muxtar respublikada 57 min 833 yeni iş yeri yaradılmışdır. Bunun 41 min 478-i və ya 71,7 faizi daimi iş yerləridir. 2013-cü ilin ilk rübü ərzində isə muxtar respublikada 724 yeni iş yeri yaradılmışdır ki, onların da 680-i daimi iş yeridir.
Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqı ödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində yaşaya-yaşaya böyük uğurlara nail olmaq mümkündür. İndi muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
İldə 4 dəfə əmək yarmarkalarının təşkil olunması muxtar respublikada artıq ənənəyə çevrilmişdir. Bu tədbirin bəhrələri də göz qabağındadır. 2012-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən şəhər və rayonlarımızın hər birində 3 əmək yarmarkası keçirilmiş, bu yarmarkalarda 841 nəfər özünə iş yeri tapmışdır.
Gələcək həkim, müəllim, mədəniyyət və meliorator kadrlarının təminatında bir sıra uğurlu nəticələr əldə edilmişdir. Belə ki, 2007-2012-ci illərdə təhsil işçiləri üçün keçirilmiş əmək yarmarkalarında 835 nəfər, 2009-2012-ci illərdə səhiyyə işçiləri üçün keçirilmiş əmək yarmarkalarında 98 nəfər işlə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumlarda da əmək yarmarkalarının keçirilməsi, insanların peşə və ixtisasına uyğun daimi işlə təmin edilmələri diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır.
Qeyd edək ki, muxtar respublikada bu gündən etibarən növbəti əmək yarmarkalarının keçirilməsinə Ordubad rayonundan başlanılıb. İyunun 13-də Şərur Şəhər Mədəniyyət Sarayında əmək yarmarkası keçiriləcək. Kəngərli rayonunda keçiriləcək əmək yarmarkası iyun ayının 14-ə təyin olunub. Babəkli işaxtaran vətəndaşlar iyun ayının 19-da əmək yarmarkasında iştirak edəcəklər. Şahbuzlular isə bu tədbirə ayın 20-də qatılacaqlar. Sərhəd bölgəsi Sədərək rayonunda iyun ayının 21-də əmək yarmarkası keçirilməsi nəzərdə tutulub. Culfa rayonunda bu tədbir iyun ayının 25-də baş tutacaq. Naxçıvan şəhərində isə ayın 28-də rübün sonuncu yarmarkası keçiriləcək.
Qeyd edək ki, muxtar respublikanın rayon (şəhər) Məşğulluq mərkəzləri tətil günlərində işləmək arzusunda olan tələbələrin xüsusi peşə hazırlığı tələb etməyən haqqı ödənilən ictimai işlərə, mövsümi və digər müvəqqəti xarakterli işlərə göndərilməsini təmin edir. Tətil günlərində işləmək arzusunda olan tələbələr yaşadıqları ərazinin Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.
Muxtar MƏMMƏDOV