AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbovun və bölmənin Elmi təşkilat şöbəsinin rəisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Orxan Bağırovun “Naxçıvan Muxtar Respublikasının gilas və albalı genefondu” adlı monoqrafiyası bu günlərdə işıq üzü görüb.
Fundamental tədqiqat əsəri olan monoqrafiyada Naxçıvan Muxtar Respublikasının flora müxtəlifliyinin albalı-cerasus milli cinsinə daxil olan gilas və albalı bitkilərinin botaniki xüsusiyyətlərindən və əhəmiyyətinin öyrənilməsindən bəhs edilir. Kitabın ilk səhifələrində “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” ölkə Prezidentinin Fərmanının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamının mətnləri dərc olunub.
Yeni nəşrin “Gilas və albalı bitkiləri haqqında ümumi məlumat”, “Gilas və albalı bitkilərinin sistematikası və öyrənilməsi”, “Tədqiqatın material və metodikası”, “Naxçıvan Muxtar Respublikasının yerli gilas və albalı sortları”, “Sort və formaların biomorfoloji xüsusiyyətləri”, “Pomoloji qruplaşdırma”, “Xəstəlik və zərərvericilər”, “İqtisadi səmərəlilik” adlı bölmələrində Naxçıvanda mövcud olan gilas və albalının növ, sort və formalarının botaniki xüsusiyyətləri əhatəli şəkildə araşdırılaraq şərh edilir. Elmi tədqiqatların nəticəsi olaraq, monoqrafiyada muxtar respublika ərazisində mövcud gilas və albalı bitkilərinin yabanı növləri müəyyənləşdirilmiş, ilk dəfə olaraq regionda gilasın becərilən 26 sortu və 37 forması, albalının isə 12 sortu və 12 forması dəqiqləşdirilmiş, aşkar edilmiş sort və formaların pomoloji və təsərrüfat əhəmiyyəti öyrənilmiş, habelə başlıca xəstəliktörədiciləri, ziyanvericiləri müəyyənləşdirilmiş, iqtisadi səmərəliliyi hesablanmış və yeyinti sənayesi obyektlərində istifadə edilməsi üçün təkliflər hazırlanmışdır. Məhz bu təkliflər və ilk dəfə bu əsərdə əksini tapan elmi təhlil və şərhlər əsasında sözügedən nəşrdən ali və orta məktəblər üçün dərsliklərin, metodik vəsaitlərin, meyvəçiliyə dair yeni nəşrlərin hazırlanmasında istifadə oluna bilər.
180 səhifədən ibarət monoqrafiyadan Azərbaycanda meyvəçiliyin elmi-nəzəri və təcrübi problemləri ilə əlaqədar tədqiqat aparan alimlər, mütəxəssislər, ali və orta ixtisas məktəblərinin müvafiq ixtisaslar üzrə müəllim və tələbələri faydalana bilərlər.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi