Şərur rayonunun Qarahəsənli Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva açaraq sağlam cəmiyyətin formalaşmasında sağlam ailənin rolundan danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada ailələr həmişə uzunömürlü olması və möhkəmliyi ilə seçilib.
Bu gün uşaqları milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından ailədə qadınların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan Ramilə Seyidova qeyd edib ki, Şərur rayonunda 41 min 376 uşaq vardır. Bu uşaqlardan da 434-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da ümumi uşaqların 1,04 faizini təşkil edir. Muxtar respublika üzrə 1925 sağlamlıq imkanı məhdud uşaq vardır ki, onların da 22,5 faizi Şərur rayonunun payına düşür.
Vurğulanıb ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və sonrakı dövrdə qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Qadınlarda virus hepatitlərinin fəsadları və bətn daxilindəki uşağın xəstəlikləri, onlarla mübarizə yolları” mövzusunda çıxış edib. O, qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Şərur rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranma səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti