Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən əmək yarmarkasında Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxış ediblər.
Bildirilib ki, şəhərdə fəaliyyət göstərən dövlət təşkilatları və özəl müəssisələrdəki vakant iş yerlərinin qeydiyyatı aparılıb, yarmarkaya 10 özəl, 46 dövlət olmaqla, cəmi 56 təşkilatdan, 530 boş iş yeri çıxarılıb. Çıxış edənlər muxtar respublikamızda, eləcə də Naxçıvan şəhərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən söz açaraq bu işlərin əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynadığını qeyd ediblər, işaxtaran vətəndaşların işlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyətini vurğulayıblar.
Tədbirdə, ümumilikdə, 25 nəfərə işə göndəriş verilib ki, onlardan ikisi kənd xidmət mərkəzlərində işlə təmin olunacaqlar.
Qeyd edək ki, dövlətimizin iqtisadi əsaslarının davamlı olaraq möhkəmlənməsi şəraitində sosial-iqtisadi problemlərin həlli, yoxsulluğun azaldılması, işgüzar fəallığın yüksəldilməsi, habelə məşğulluq tədbirlərinin həyata keçirilməsi istiqamətində muxtar respublikada son illər ərzində uğurlu addımlar atılıb. Məşğulluq tədbirlərinin həyata keçirilməsi də bu istiqamətdə reallaşdırılan işlərin davamıdır.
Ramiyyə ƏKBƏROVA