Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin olunması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar olaraq həyata keçirilən tədbirlər Şərur rayonunda da öz uğurlu nəticələrini verməkdədir. Aprelin 23-də rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilən növbəti əmək yarmarkası da görülən tədbirlərin davamıdır.
Şərur Şəhər Mədəniyyət Sarayında keçirilən, əsasən, gənclərin iştirak etdiyi əmək yarmarkasında, ümumilikdə, 300 boş iş yeri təklif olunub.
Rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov tədbirdə çıxış edərək bildirib ki, keçirilən əmək yarmarkası vətəndaşların işlə təmin edilməsində böyük əhəmiyyətə malikdir. Belə ki, təkcə ötən il rayonda keçirilən əmək yarmarkalarında 112 işaxtaran daimi işlə təmin olunub.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Hüseynov yeni iş yerlərinin yaradılması istiqamətində muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən, bu istiqamətdə qəbul olunan dövlət sənədlərinin əhəmiyyətindən danışıb, Şərur rayonunda da hər il yeni iş yerlərinin açıldığını bildirib.
Sonra yarmarkaya gələnlər ayrı-ayrı idarə və müəssisələr, özəl qurumlar tərəfindən çıxarılmış yeni iş yerləri ilə tanış olublar. Ümumilikdə, bir gün ərzində 41 nəfərə işə göndəriş verilib.
Elman MƏMMƏDOV