Tədbiri giriş sözü ilə Babək Rayon Məşğulluq Mərkəzinin direktoru Heydər Quliyev açaraq muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən, rayon əhalisinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, əhalinin məşğulluğu ilə bağlı qəbul olunan dövlət proqramlarının uğurlu icrası Babək rayonunda da öz bəhrələrini verməkdədir. Bölgədə yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Hacı Hacıyev çıxış edərək bildirib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkaları işaxtaran sakinlərin ixtisaslarına uyğun iş tapmalarına kömək edir.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 22-si özəl, 50-si dövlət olmaqla, 72 təşkilatdan 229 boş iş yerinin çıxarıldığı yarmarkada 27 nəfərə işə göndəriş verilib.
Nail ƏSGƏROV