23 Dekabr 2024, Bazar ertəsi

Müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq.  

Artıq bir çoxları istəsə də, istəməsə də, sosial şəbəkələrsiz qala bilmir. İstifadəçilər arasında xüsusən gənc nəslin nümayəndələri çoxluq təşkil edir. Onların bir çoxunun istifadə etdiyi sosial şəbəkələrdə ­“Facebook”, “Twitter”, “İnstagram”, “Google+”, “Vkontakte”, “Odno­klassniki” və başqaları üstünlük təşkil edir.
Hər bir sahədə olduğu kimi, sosial şəbəkələrdən istifadəyə münasibətdə də fikirlər müxtəlifdir. Bir qisim sosial şəbəkələrin bugünkü günümüzdə sosiallaşmaq, dünyanın ən ucqar nöqtəsində olan insanlarla ünsiyyət yaratmaq, fikir bildirmək və qarşılığında cavab almaq, ictimai həyatda baş verən aktual məsələlər ətrafında müxtəlif sorğular təşkil etmək, canlı yayım vasitəsilə iclaslar, müzakirələr keçirmək, olduğun yer haqqında məlumatları dostlarınla audiovizual şəkildə paylaşmaq və digər müsbət xüsusiyyətlərini qeyd edirlər. Digərləri isə düşünürlər ki, sosial şəbəkələr insanların internet asılılığını artırır, mənəvi dəyərləri məhv edir, real həyatdan uzaqlaşdırır. Artıq bu asılı­lıq insanlarda bir sıra psixoloji problemlərin üzə çıxmasına səbəb olur. Müsahibimiz, psixoloq Gülnarə Muxtarova ilə söhbətimiz də elə bu mövzuda oldu.

Sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəflərinə toxunan Gülnarə xanım bunun bugünkü günümüzdə insanların ondan hansı məqsədlər üçün istifadə etdiklərindən asılı olduğunu vurğuladı. Bu şəbəkələrin müsbət tərəflərindən danışan psixoloq bildirdi ki, bu gün sosial şəbəkələr vasitəsilə bizi maraqlandıran hər bir məlumatı asanlıqla əldə edə bilirik. O cümlədən köhnə dost-tanışları tapa, keçmiş münasibətləri bərpa edə, ünsiyyəti genişləndirə, yeni tanışlıqlar yarada bilirik.
Sonda o bildirdi ki, sosial şəbəkədən söhbət məqsədilə istifadə edənlərin sayı bu gün daha çoxdur. Əslində, ondan müzakirə, diskussiya üçün istifadə etmək, qarşılıqlı fikir mübadiləsi aparmaq daha faydalıdır. Təəssüf ki, bizdə qədərindən artıq, özü də lazımsız yerə istifadə edənlərin sayı daha çoxdur.
Sosial şəbəkələrdən kimisi, sadəcə, vaxt keçirmək üçün istifadə edir ki, bu da bir müddətdən sonra asılılıq yaradır. Artıq beş və ya on dəqiqə üçün daxil olduğun sosial şəbəkədə saatlarla qalırsan. İnsanın vaxtını “virtual dünya”ya sərf etməsi real həyatdan uzaqlaşmağa gətirib çıxarır ki, bu da sonralar psixoloji problemlər yaradır. Əvvəlcə vərdiş, sonra isə xəstəlik dərəcəsində asılılıq yaradan sosial şəbəkələr insanlarda depressiya, yuxusuzluq, yorğunluq, aqressivlik, paxıllıq və digər xoş olmayan halların yaranmasına səbəb olur. Bir faktı da qeyd edək ki, sosial şəbəkələr üzündən boşanan ailələrin sayı da artır.
Təəssüflə qeyd etmək lazımdır ki, sosial şəbəkələr səbəbindən intihara cəhd edənlər də az deyil. O cümlədən narkotik aludəçiliyinə cəlbetmə, müxtəlif dini cərəyanların təbliği qarşılaşdığımız mənfi hallardır. Buna görə də azyaşlı uşaqların, xüsusilə yeniyetmələrin sosial şəbəkələrdə çox vaxt keçirmələri təhlükəlidir.
Sosial şəbəkənin gənc istifadəçilərindən biri olan Naxçıvan Dövlət Universitetinin tələbəsi Sərdar Məmmədov, əsasən, “Facebook” və “İnstagram”dan istifadə etdiyini bildirdi: “Bu şəbəkələrdən istifadə səbəbim ölkədə və dünyada baş verən hadisələri, yenilikləri daha tez və rahat formada öyrənməkdir. Sosial şəbəkələrin mənfi və müsbət tərəfləri olduğu danılmazdır. Bu da ondan hansı məqsədlə istifadə edilməsindən çox asılıdır. Yəni bu vasitədən müəyyən müddət ərzində istifadə etmək, gün ərzində daha çox vaxt almasına imkan verməmək lazımdır. Həddindən artıq istifadə başqa işlərə həvəssiz yanaşmağa, tənbəlliyə, psixoloji problemlərin artmasına gətirib çıxarır”.
Digər bir sosial şəbəkə istifadəçisi Nərmin Əkbərli bildirdi ki, sosial şəbəkələrdən qarşıya qoyduğumuz faydalı məqsədlər üçün istifadə olunmalıdır. Sosial şəbəkələr bizdən yox, biz onlardan istifadə etməliyik. Yalnız bu halda onlardan faydalana bilərik.
Qoşqar Hüseynli isə bildirir ki, daim internetdə olmaq insanda bir müddətdən sonra patoloji zərurilik yaradır. İstifadəçilərin böyük əksəriyyəti şəbəkələrdən uzaqlaşmağa çalışırlar, lakin müəyyən müddət keçdikdən sonra yenə ora qayıdırlar. Bu, o deməkdir ki, insanlar şəbəkələrdən birbaşa asılılıqlarını dərk edirlər, lakin heç bir yolla ona qalib gələ bilmirlər. Amma elələri də var ki, sosial şəbəkələrdən istifadədən birdəfəlik imtina ediblər.
Aktiv sosial şəbəkə istifadəçisi Turan Osmanlı isə “Facebook”, “İnstagram” kimi sosial şəbəkələrdən istifadə etdiyini bildirdi. “İnstagram”dan həm biznes yeniliklərini, həm də onu maraqlandıran istifadəçiləri izlədiyini dedi: “Sosial şəbəkələrin müsbət tərəfi buradan elmi yeniliklərlə, yeni iş yerləri ilə bağlı məlumat əldə etmək, hətta pul qazanmağın mümkünlüyüdür. Mənfi cəhəti isə insanları özündən asılı vəziyyətə salmasıdır”
Müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadənin təbliği çox mühüm əhəmiyyətə malikdir. İstifadəçiləri mənfi təsirlərdən qorumaq və insanların şəbəkələrdən düzgün istifadə etməsi üçün maarifləndirmə işi aparılmalıdır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR