Kəngərli rayonunda təşkil olunan növbəti əmək yarmarkasını giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov açaraq əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Qeyd edilib ki, bir insanın əmək fəaliyyəti, məşğulluğu təkcə onun və ailəsinin maddi tələbatının ödənilməsinin təminat vasitəsi kimi dərk olunmur, daha geniş anlamda, ümumən, cəmiyyət və məmləkət üçün faydalı olan, daim yeniliyə, iqtisadi irəliləyişə xidmət edən bir proses kimi dəyərləndirilir. Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev belə tədbirlərin rayonda fəaliyyət göstərən qurumların ixtisaslı kadrlarla təminatında mühüm rolu olduğunu deyib.
Vurğulanıb ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təşkil edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. 8-i özəl müəssisə, 8-i isə dövlət orqanı olmaqla, ümumilikdə, 16 təşkilatdan 170 boş iş yerinin çıxarıldığı yarmarkada 35 nəfərə işə göndəriş verilib. Müraciət edənlərin 4 nəfəri peşə hazırlıq kurslarına cəlb olunub ki, onlardan da 3-ü gələcəkdə kənd xidmət mərkəzlərində işlə təmin olunacaqlar. Bundan başqa, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 2 nəfər işə göndəriş alıb.
Xəbərlər şöbəsi