Naxçıvan Regional Peşə Tədris Mərkəzində yeni kurslar keçiriləcək
İqtisadiyyatın dinamik inkişafı, istehsalatda müasir texnologiyaların tətbiqi, yeni infrastruktur layihələrin icrası ixtisaslı kadrlara olan tələbatı daha da artırmışdır. Bu mənada peşə ixtisaslı kadrlara olan tələbatın ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi dövlətimizin diqqət mərkəzindədir. Peşə təhsili ümumi təhsilin tərkib hissəsi olub, ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biridir.
Muxtar respublikamızda aparılan genişmiqyaslı tikinti-abadlıq işlərinin, fəaliyyətə başlayan yeni istehsal və emal müəssisələrinin, günü-gündən genişlənən xidmət sahələrinin ixtisaslı kadrlara olan tələbatını ödəmək məqsədilə zəruri tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzinin yaradılması əmək bazarında ixtisaslı kadrlara olan tələbatın ödənilməsində mühüm rol oynayır.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində Məşğulluq Xidməti orqanları tərəfindən göndərilən işaxtaran vətəndaşların əmək bazarının tələbinə uyğun peşələrə yiyələnməsi, ixtisaslarının artırılması, onların fərdi məşğulluğunun təmin edilməsi, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatlara ixtisaslı kadrların hazırlanması məqsədilə müqavilə bağlanaraq peşə hazırlığı kursları təşkil olunur.
Peşə hazırlığının səmərəliliyini yüksəltmək üçün müəssisələrin hansı peşələrə daha çox ehtiyaclarının olduğunu müəyyənləşdirmək məqsədilə 24-29 may 2013-cü il tarixdə 83 müəssisədə sorğular keçirilmişdir. Sorğuların nəticəsi olaraq, istehsal və xidmət sahələri üzrə, o cümlədən elektrik montyoru, mexanik, aşpaz, ofisiant, mebel ustası kimi ixtisaslı kadrlara daha çox tələbatın olduğu müəyyənləşmişdir. Bu baxımdan həmin peşə sahələri üzrə kursların təşkili diqqət mərkəzindədir. Peşə kurslarının təşkilində müdavimlərin seçilməsi, qruplaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu seçim və qruplaşmada işaxtaranların yeni peşələrə yiyələnməsində onların əvvəlki peşə, ixtisas və iş təcrübəsi, peşə meyilləri, bacarıq və vərdişləri nəzərə alınır.
Fəaliyyətə başladığı gündən mərkəzdə 79 peşə hazırlıq kursu üzrə 1210 vətəndaşa müvafiq peşə təhsili verilmişdir. Kursları müvəffəqiyyətlə başa vuran müdavimlərin öz peşə sahələri üzrə münasib işlə təmin olunması da diqqət mərkəzində saxlanılır.
Muxtar respublika sakinlərinə göstərilən məişət xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə bərbər, ofisiant, aşpaz köməkçisi, dərzi sənətinin, kənd təsərrüfatı, energetika və rabitə sahələrinin ixtisaslı kadrlara olan tələbatını ödəmək üçün traktorçu-maşınçı, kabel lehimləyicisi və elektrik montyoru, elektrik avadanlıqlarının təmiri və elektromexanik, həmçinin müasir avadanlıqlarla təmin olunan inzibatı və yaşayış binalarının qazanxanalarını ixtisaslı peşə sahibləri ilə təmin etmək üçün qazanxana maşinisti, eləcə də muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışan kadrların təcrübə və peşəkarlıqlarının artırılması məqsədilə fotoqraf və videooperator peşələri üzrə kurslar təşkil edilmişdir.
Muxtar respublikamızda milli dəyərlərimizin qorunmasına, onun yaşadılmasına böyük diqqət və qayğı göstərilir. Xalq sənətkarlığı nümunələrinin incəliklərini öyrənmək və yaşatmaq məqsədilə toxucu, xalçaçı, keçəçi və qalayçı sənəti üzrə kursların təşkil olunması qeyd olunanlara bariz nümunədir.
Muxtar respublikaya qədəm qoyan hər bir turistə peşəkar xidmət göstərmək məqsədilə mərkəzdə bələdçi peşəsi üzrə də kurs təşkil olunmuşdur.
Mərkəzdə müdavimlərin zəruri biliklərə yiyələnmələri üçün bütün şərait yaradılmışdır. Müdavimlər mərkəzdəki elektron lövhə, sürətli internet, kompyuter sinifləri, emalatxanalar vasitəsilə peşə sirlərini dərindən öyrənir, təcrübə məşğələləri ilə biliklərini artırırlar. Burada müdavimlər üçün kitabxana da fəaliyyət göstərir. Məlumat üçün qeyd edək ki, qalayçı, fotoqraf, videooperator peşələri üzrə dərsləri respublikamızın tanınmış mütəxəssisləri tədris etmişlər.
Cari ildə əmək bazarının tələbinə uyğun mərkəzdə bir neçə peşə hazırlığı istiqamətində təşkil edilmiş kurslar üzrə 78 müdavim təhsilini başa vurmuş, 34 müdavim isə hazırda təhsil alır.
Muxtar respublikamızın yeni inkişaf mərhələsində iqtisadi və mədəni həyatın bütün sahələrində müxtəlif peşə ixtisaslı kadrlara olan tələbatın təmin edilməsi məqsədilə peşə hazırlığı istiqamətində fəaliyyət daha da genişləndirilərək davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti