Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş və hazırda icrası uğurla davam etdirilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, işaxtaranların məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə imkan verir.
Dövlət proqramında müasir mərhələdə dövlət məşğulluq siyasətinin davam etdirilməsinin əsas məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin davamlılığının təmin edilməsi, əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması, işaxtaranlar üçün özünüməşğulluq imkanlarının artırılması, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılmasıdır. Bu mənada, aktiv məşğulluq tədbirlərindən biri də ənənəvi olaraq hər il keçirilən əmək yarmarkalarıdır. Əmək yarmarkalarında muxtar respublika ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri haqqında məlumatlar əvvəlcədən əldə edilərək məşğulluq mərkəzləri tərəfindən işaxtaranlara təqdim olunur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, cari ildə növbəti əmək yarmarkalarına aprelin 13-də start veriləcək. Həmin gün tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. Aprel ayının 16-da Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin binasında bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Növbəti gün keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhər “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından aprel ayının 18-də yararlana biləcəklər.
Aprel ayının 19-da ordubadlılara, 20-də babəklilərə, 23-də isə şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası aprel ayının 24-də Regional Peşə Tədris Mərkəzində keçiriləcək.
Xəbərlər şöbəsi