Martın 16-da Novruz bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların və sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərə müxtəlif növ sosial xidmətlər göstərilir. Tənha ahıl və məhdud fiziki imkanlı şəxslər mütəmadi olaraq evlərində ziyarət edilir, onlar arasında yaradıcılıq müsabiqələrinin, əl işlərindən ibarət sərgi-satışların, bayram və əlamətdar günlərdə görüşlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Tədbirin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblı konsert proqramı ilə çıxış edib. Sonda sakinlərə bayram hədiyyələri təqdim olunub. Ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərlə bayram münasibətilə görüşlər keçirilib.
Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslərə bayram sovqatı evlərində təqdim edilib. Bayram tədbirlərində, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə sovqatlar təqdim olunub. Sədərək rayonunda keçirilən tədbirdə “İnam” musiqi qrupu tədbir iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti