5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi təmizlik aksiyası keçirib. “Gənclərimiz təbiətin çirklənməsinə “yox” deyir” adlı aksiyaya muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri cəlb edilib. 50-yə qədər tələbə gəncin bu dəfə yolandığı ərazi Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən, orta əsrlərə aid məşhur Qarabağlar türbəsinin ərazisi olub. Əvvəlcə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü və keçirilən tədbirlə bağlı iştirakçılara məlumat verilib.
Sonra ətrafda kollektiv şəkildə təmizlik işlərinə başlanıb. Polietilen torbalara doldurulan tullantılar abidə ərazisindən uzaqlaşdırılıb. Aksiya başa çatandan sonra isə Qarabağlar Abidə Kompleksi barədə tələbə gənclərə geniş məlumat verilib.
Gənclər və İdman Nazirliyi artıq bir neçə ildir ki, 5 iyun gününü tələbə gənclərlə birlikdə qeyd edir. Bu cür aksiyalarda məqsəd gəncləri ekologiyanın və ətraf mühitin qorunmasına cəlb etmək, onların vətənpərvərlik hisslərinin daha da artırılmasına nail olmaq və asudə vaxtın səmərəli keçməsi üçün şərait yaratmaqdır. Xatırladaq ki, eyni aksiya ötən il Batabat yaylağında keçirilib.
Səməd CANBAXŞIYEV