Boz ayın ikinci çərşənbəsi Torpaq çərşənbəsidir. Xalqımızın əsrlər boyu yaddaşında hifz etdiyi və bu günümüzəcən keçirdiyi mərasimlərin, adət-ənənələrin təqvim mərasimlərimizdə özünəməxsus yeri vardır. Suyun donunun açılması ilə torpağa bir dirilik gəlir. Su nə qədər aydınlıqdırsa, torpaq da bir o qədər insanın ruzi mənbəyini, bərəkətini təmin edəndir. Bu mənada, əcdadlarımız donu açılan su ilə torpağa həyat verməyə çalışıblar. Beləliklə də, Torpaq çərşənbəsindən sonra Naxçıvan Muxtar Respublikasının, demək olar ki, əksər bölgələrində şum və əkin işlərinə başlanılmışdır.
Folklor yaddaşımızda insanın yaradılışının dörd mərhələdə həyata keçirildiyi düşüncəsinə rast gəlirik. Yaradan əvvəlcə suyu götürdü, onu torpaqla qarışdıraraq bir insan modeli hazırladı, sonra ona ruh (nəfəs-hava-yel) verdi, ən sonda isə onu istiliklə təmin etdi (Günəş sistemində müəyyən bir məkanda məskunlaşdırdı). Beləliklə, İlahi tərəfindən həyata keçirilən yaradılış ardıcıllığı çərşənbələrdə qeyd olunaraq yaradana minnətdarlıq hissi kimi ortaya çıxdı.
Naxçıvanda isə Torpaq çərşənbəsinin xüsusi bir məqamla əlaqələndirilməsi özünü daha qabarıq büruzə verir. Bəşəriyyətin ikinci atası Nuh Peyğəmbərin quruya çıxması, yenidən canlıların münbit yaşayış şəraiti ilə təmin olunması prosesinin ardıcıllığı da Naxçıvanda çərşənbələrin qeyd olunma ardıcıllığını özündə əks etdirir. Mənbələrdə qeyd olunur ki, Nuh Peyğəmbərin hazırladığı gəmi suyun üzərində idi. Dünyanın hər tərəfini su almışdı. Su çəkildikdə gəmi qayaya toxunur, torpağa oturur. İnsanlar, canlılar torpağa ayaq basırlar. Beləliklə də, insanın mifik düşüncəsində su-torpaq ardıcıllığı böyük məna daşımağa başlayır. Nuhun gəmisi yüksək bir ərazidə, bir dağın zirvəsində ilk olaraq Torpaqla – Yerlə təmas edir.
Qeyd olunanlar bir daha göstərir ki, ulularımız sudan sonra torpağı müqəddəs bilmiş və su çərşənbəsindən sonra torpaq çərşənbəsini qeyd etmişlər. Qeyd edirik ki, boz ayın ikinci çərşənbəsi Torpaq çərşənbəsidir. Buna xalq arasında bəzən “Üsgü çərşənbə”, “İkinci çərşənbə”, “Xəbər çərşənbə” də deyilir. Bundan əlavə, bu çərşənbəyə həm də “külə çərşənbə” deyilmişdir. Yəni bu çərşənbə tam deyil, yarımçıqdır, yəni külədir.
Bu çərşənbədə torpaq oyanır və artıq əkinə hazır olduğunu göstərir. Torpaqdan otlar baş qaldırır. El arasıda deyərlər: “Cəmrə torpağa düşür”. Torpaqdan buxar qalxır, deməli, torpaq isinmişdir. Yaz əkininə başlamaq olar. Xüsusən yazlıq arpa yavaş-yavaş əkilməlidir. Xalq arasında olan inama görə, bolluq, bərəkət rəmzi olaraq Torpaq çərşənbəsində torpağa buğdadan toxum qoyulmalıdır. Evlərdə səməni elə bu çərşənbədən qoyulmalıdır ki, axır çərşənbəyə hazır olsun.
Torpaq insanları yaşayış üçün zəruri olan qida ilə təmin edən real həyati varlıqdır. Torpaq deyər öldür məni, dirildim səni. Butipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğu dayanır.
Bütün bunlar torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu göstərən amillərdir. Qədim dövrdən günümüzədək torpaqla bağlı el arasında müxtəlif deyimlər, atalar sözləri və məsəllər olubdur: Torpağa xor baxsan, o, sənə kor baxar. Torpağın sirrini əli torpaqda olanlar bilər. Torpağa əyilən namərdə əyilməz, Torpaqla çəlləşən, xoşbəxtliklə əlləşər. Qışın qar suyu, torpağın bar suyu. Torpaqda sirr də var, dürr də və sair.
Ümumiyyətlə, Torpaq çərşənbəsindən etibarən suyun həyat verdiyi torpaq canlanır və o, bol ruzi-bərəkət mənbəyi kimi insanların öhdəsinə verilir. Ataların dediyi kimi: “Torpaq ovuclayan qızıl ovuclayar”. Bu çərşənbədən etibarən xalq, insanlar “qızıl” ovuclayarlar ki, torpağın dediyi kimi, “Sən mənə tər ver, mən sənə zər verim” atalar sözündəki zəri əldə etsinlər. Bir də ki axı bu da ataların sınanmış kəlamıdır: Torpağın qarası üz ağardar.
Siz də torpağa əyilin ki, üzünüz ağarsın.
Torpaq çərşənbəniz mübarək olsun.
Elxan YURDOĞLU
filologiya üzrə fəlsəfə doktoru