23 Dekabr 2024, Bazar ertəsi

Doğma yurdumuzun güllü-çiçəkli çəmənləri, zirvəsi qarlı dağları, sərin bulaqları, gur şəlalələri göz oxşayır, insana xoş əhval-ruhiyyə bəxş edir. Həyatda heç bir şey insanı təbiət qədər sakitləşdirə bilməz. Xüsusən də yaşıllıqlar hər kəsə rahatlıq və zövq verir. Psixoloqlar da yaşıllığın insanı sakitləşdirdiyini və əsəblərə yaxşı təsir göstərdiyini deyir. 

Təbiətin bizə bəxş etdiyi ən böyük gözəlliklərdən biri də güllərdir. Qədim zamanlardan bəri gül sevgi və firavanlıq rəmzi sayılıb. Güllər hər dövrdə rəssam və şairlərin diqqətini çəkib, yaradıcılıqla məşğul olanların ilham mənbəyi olub. Gül-çiçəklərə qulluq isə onlara tamaşa etməkdən daha maraqlı və zövqoxşayandır. Bu iş insandan böyük səbir və zəhmət tələb edir. Güllərin insan aurasına təsiri də yüksəkdir. Onlar ev şəraitində də xüsusi yerə malikdir. Lakin hər kəs dibçəkdə gül əkməyi bacarmır. Bununla bağlı ümumi fikir söyləmək çətindir. Çünki insanlar kimi hər bir gülün də öz xüsusiyyəti və “xarakteri” var.

Yaz-yay aylarında bağ-bağçalar, həyətyanı sahələr gül-çiçəyə bürünür. Ancaq eyni halı qış fəslinə aid etmək olmaz. Qış aylarında insanlar evlərdə bəslənən dibçək güllərindən zövq almağa üstünlük verirlər. Dibçək güllərinin hər birinə xüsusi qulluq göstərilməlidir. Bu barədə oxucularımıza müfəssəl məlumat vermək üçün AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Əliyar İbrahimovla həmsöhbət olduq. O dedi ki, evdə yetişən bitkilərə həm də otaq bitkiləri deyilir. Otaq bitkilərini ilin bütün vaxtlarında ərsəyə gətirmək mümkündür. Ancaq çiçəkli olan vaxtlarda və çiçəkləmə fazasında olanda əkmək olmaz. Ən yaxşı əkin vaxtı isə mart və oktyabr aylarıdır. Gül əkmək üçün dibçəyə torpaqdan əvvəl çınqıl, balıqqulağı tökmək olar, qabın dibində isə ona tökülən suyu axıtmaq üçün deşik açılmalıdır. Gülü əkmək üçün hazırlanan torpaq keyfiyyətli, yumşaq və məhsuldar olmalıdır ki, əkdiyiniz bitki yaxşı inkişaf etsin. Mütəmadi olaraq suvarılmalı və yemləmə gübrələri tökülməlidir. Yaxşı olar ki, tərkibində mineral maddələr də olsun. Bunlara əməl olunmadıqda bitkinin kökü yaxşı inkişaf etmir, nəticədə, çürüyür. Qış vaxtı dibçəklər sərin yerə qoyulmalı və otağın temperaturu 15-16 dərəcə olmalıdır. Yaz-yay vaxtı isə dibçəkləri gündüşən yerdə və açıq havada saxlamaq lazımdır.
Müsahibim otaq bitkilərini zərər­vericilərdən qorumağın yolları haqqında da danışdı. Onun sözlərinə görə, acı bibər və cəviz yarpağından hazırlanmış məhlullardan zərərvericilərə qarşı istifadə etmək olar. Həmçinin xam sabundan da istifadə məqsədəuyğundur. Bundan başqa, tütünü su ilə qarışdırıb bitkiyə tökmək mümkündür. Bu üsul da zərər­vericiləri məhv edə bilir.
Əliyar İbrahimov dedi ki, bu gün insanlar arasında otaq bitkilərinin düşər-düşməzliyi ilə bağlı inanclar olsa da, əslində, belə bir şey mümkün deyil və elmdə yoxdur. Sadəcə, bəzi bitkilər var ki, onları çiçəkləyən vaxt otaqda saxlamaq düzgün deyil. Bu, həmin güllərin zəhərli maddələr ifraz etməsi ilə bağlıdır. Uşaqlar həmin bitkilərin yarpaqlarına toxuna və ağzına vura bilərlər. Tikanlı bitkilərin də uşaqlara ziyanvermə ehtimalı yüksək olduğu üçün onları otaqda saxlamaq məsləhət deyil. Bitkilər arasında suyu sevən və sevməyəni var. Məsələn, kaktus bitkisi suyu çox sevmir. Ona həftədə 1 dəfə su vermək kifayətdir. Ətirşah bitkisi də suya meyilli deyil.
Ətirşah, süsən, kaktus, liliya, əzvay, bənövşə, xlorafitum, kalanxoye, aqava çox yayılmış dibçək bitkiləridir. Dibçək güllərinin arasında sağlamlıq üçün faydalı olanlar da az deyil. Məsələn, əzvay bitkisinin yarpaqları mədə-bağırsağı, qan dövranı pozulmuş xəstələr üçün müalicəvi əhəmiyyət daşıyır, hətta onun yarpaqlarının yeyilməsi də məsləhət görülür. Xlorafitumun isə üç növü yayılıb. Onu daha çox mətbəxdə saxlayırlar, çünki onda müxtəlif iyləri və qazı udmaq qabiliyyəti vardır. Həmin bitkinin rəngbərəng açan gülləri, nazik və incə yarpaqları ətrafa gözəllik verir. Kaktus bitkisi isə şüalanmanın qarşısını aldığına görə kompüterdən çox istifadə edənlərə məsləhət görülür.
Həmsöhbətim qeyd edir ki, kiçik­ölçülü gülləri pəncərənin qarşısında birinci cərgəyə düzmək lazımdır. Hündürlər isə onlardan sonra yerləşdirilməlidir. Onda həm alçaq, həm də hündür güllər işıq və havanı lazımi qədər ala bilərlər. Güllər olan otaqda pəncərəyə çox qalın pərdə asmaq məsləhət görülmür. Otağın havasını tez-tez dəyişmək lazımdır. Qışda nəfəslik, yayda isə pəncərə açıq qoyulmalıdır. Güllər otağı qızdıran cihazlardan uzaqda saxlanılmalıdır. Köhnə dibçək güllərinin sonradan yerini dəyişmək də mümkündür. Ancaq əvvəlcə dibçəyi isti su ilə yumaq, qaynar suda saxlamaq lazımdır ki, içində kif qalmasın. Əgər dibçəyə şitil və ya kök buraxmış gövdə əkirsənsə, torpaq bir qədər bərk olmalıdır. Əkib qurtarandan sonra güllərin dibinə su töküb, kök atana qədər kölgə yerdə saxlamaq lazımdır. Yeni əkilən bitkilərin yeri hər il yaz vaxtı – aprel, may aylarında, iri güllərin yeri isə iki-üç ildən bir dəyişdirilməlidir. Qışda güllərə səhər vaxtı az, yayda isə axşam vaxtı çox miqdarda su tökülməlidir. Yayda gülləri hər gün, qışda isə gec-gec sulamaq gərəkdir. Güllərin suyu çox olarsa, tez solar. Bu bitkilərin hər zaman qayğısına qalmaq lazımdır.
Əliyar İbrahimovun sözlərindən belə aydın oldu ki, güllərə düzgün qulluq göstərilsə, onlar öz gözəlliyini və faydalılığını insanlardan əsirgəməz.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR