23 Dekabr 2024, Bazar ertəsi

Hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mülki müdafiə sisteminin formalaşdırılması yolunda qətiyyətli addımlar atılmış, mühafizə işini müasir tələblər səviyyəsində qurmağa imkan verən bir çox normativ-hüquqi sənədlər qəbul olunmuşdur. Sonrakı dövrdə isə ölkəmizdə föv­qəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə mülki müdafiə sistemi daha da təkmilləşdirilmiş, təbii və texnogen fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili üçün konkret addımlar atılmışdır. 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin təhlükəsiz şəraitdə yaşaması üçün həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamı ilə 2005-ci il dekabrın 16-da Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması muxtar respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması baxımından atılan mühüm addımdır. Ötən illər ərzində böyük inkişaf yolu keçmiş Fövqəladə Hallar Nazirliyi və onun yerlərdəki strukturları üçün müasir inzibati binalar tikilib istifadəyə verilmiş, şəxsi heyətin sosial təminatının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Belə ki, 2012-ci ildə nazirliyin yeni inzibati binası istifadəyə verilmiş, binada müasir xidmət şəraiti, elektron nəzarət və idarə­etmə sistemləri yaradılmışdır. Həmçinin 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Şöbəsinin inzibati binası, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələri, 2013-cü ildə Şərur və Babək rayon şöbələri, 2014-cü ildə isə Sədərək rayon şöbəsi üçün yeni inzibati binalar və texniki qarajlar istifadəyə verilmiş, müasir iş şəraiti yaradılmışdır.
Mülki Müdafiə Alayının təlim mərkəzində döyüş hazırlığı məşğələlərinin, təlim və məşqlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmış, avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələrinin saxlanması, istismarı və texniki xidmət göstərilməsi üçün müasir avtomobil parkı istifadəyə verilmişdir. Muxtar respublika ərazisində xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2009-cu ildə Xüsusi Riskli Xilas­etmə Xidməti yaradılmış və bu sahədə fəaliyyətin təşkili üçün zəruri addımlar atılmışdır. Nazirliyin mühüm fəaliyyət sahələrindən biri olan aviasiya manqasının fəaliyyətinin təmin olunması məqsədilə vertolyot alınıb gətirilmiş və Mülki Müdafiə Alayının təlim mərkəzində vertolyot meydançası tikilmişdir.
Muxtar respublika ərazisində baş vermiş təbii, texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılmışdır. Bundan başqa, tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin nəzdində mühəndis-geoloji, sement və beton laboratoriyası yaradılaraq ən müasir sınaq avadanlıqları və cihazları ilə təchiz edilmişdir. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan şəhərində nazirliyin zabit-gizir ailələri üçün 48 mənzilli yaşayış binası tikilmiş və 2017-ci il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2016-cı il martın 17-də “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr olunmuşdur. Altı bölmədən ibarət olan atlasda təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, qaz kəmərlərinin, kommunikasiya xətlərinin, digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilmişdir.
Fövqəladə hallar zamanı təxliyə olunan əhalinin və zərərçəkənlərin tələbatının ödənilməsi, yaşayışın və qidalanmanın normal təşkil edilməsi, habelə ehtimal olunan radio­aktiv, kimyəvi və bioloji zəhərlənmələr zamanı əhaliyə vaxtında fərdi mühafizə vasitələrinin paylanması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, Mülki Müdafiə Alayında mülki müdafiə səfərbərlik ehtiyat anbarı yaradılmış, Naxçıvan şəhərində, Şərur, Babək, Culfa, Ordubad və Sədərək rayonlarında yaşayış binalarının zirzəmiləri təmir edilərək fərdi mühafizə vasitələri anbarı kimi uyğunlaşdırılmış və əhalinin yaş kateqoriyasına uyğun mühafizə vasitələri tədarük olunaraq şəhər və rayon fövqəladə hallar komissiyalarına təhvil verilmişdir. Muxtar respublika ərazisində radioaktiv, kimyəvi və bioloji çirklənmə şəraitində nazirliyin mülki müdafiə qüvvələrinin fəaliyyət göstərməsi üçün müasirtipli radiasiya axtarış və ölçü cihazları alınıb gətirilmiş, bu cihazlarla işləyən mütəxəssislər treninqlərdə iştirak edərək müvafiq sertifikatlar almışlar.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar 15 ictimai yaşayış binasının zirzəmisi əsaslı təmir edilmiş, 225 yaşayış binasının zirzəmisi təmizlənərək yararlı hala salınmışdır. Həmçinin içməli su mənbələrində monitorinqlər keçirilərək sanitar-gigiyena norma və qaydalarına əməl edilməsinə nəzarət olunmuş, çay hövzələrində selə qarşı tikilən bəndlərin, suburaxıcı və sel­ötürücü qurğuların vəziyyəti yoxlanılmış, irihəcmli su anbarlarında bəndlərin təhlükəsizliyinə və hidro­texniki qurğuların fəaliyyət rejiminə nəzarət edilmişdir.
Muxtar respublikanın səhiyyə müəssisələrində yaradılmış ixtisaslaşdırılmış tibbi yardım briqadalarının, yanğın-partlayış və potensial təhlükəli obyektlərinin fövqəladə hallarda hazırlığına xüsusi diqqət yetirilərək onların şəxsi heyəti ilə mütəmadi olaraq taktiki-xüsusi məşğələlər və təlimlər keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi bundan sonra da əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində səylə çalışacaq, muxtar respublikada mülki müdafiə işi müasir tələblər səviyyəsində qurulacaqdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR