Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların hesablanması başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub. Lokal şəbəkələrin mərkəzi informasiya sistemlərinə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsinin formalaşdırılması və yeni proqram təminatları ilə təmin edilməsi nəticəsində, ölkə başçısı tərəfindən imzalanmış bu sərəncam qısa müddətdə icra edilmişdir. Nəticədə, muxtar respublika üzrə 47 min 994 nəfər əmək pensiyaçısının pensiyasının ümumi məbləği və 168 min 935 nəfər sığortaolunanın fərdi uçot sistemindəki fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2017-ci ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2018-ci il yanvarın 1-dən 5,7 faiz indeksləşdirilərək artırılmışdır.
Məlumat üçün bildirək ki, muxtar respublika üzrə bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar, 2018-ci il fevral ayının 16-da yanvar və fevral aylarındakı artımlarla birgə əmək pensiyaçılarına ödənilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti